Yuxarı

Neft 60 dollara kimi bahalaşa bilər

IAEA-nın İranla bağlı müsbət qərarı isə neftin qiymətini daha da ucuzlaşdıracaq

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu həftə ərzində neftlə bağlı qlobal miqyaslı iki önəmli qərar veriləcək. Bunlardan birincisi bu gün, dekabrın 2-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) İranla bağlı məruzəsi, ikincisi isə dekabrın 4-də OPEC-in iclasında qəbul edilməsi gözlənilən qərarlardır.

"Report"un verdiyi xəbərə görə, dekabrın 2-də IAEA-nın ekspertlərinin İranın nüvə proqramında mübahisəli məqamların həlli istiqamətində məruzəsinin dərc edilməsi gözlənilir. Agentlik müsbət rəy verərsə, iki həftə sonra IAEA-nın Direktorlar Şurası qərarı təsdiqləyəcək. Beləliklə, İranın neft hasilatını artırması artıq bu ay reallaşa bilər. Bu qərarla isə dünya bazarında neftin qiymətində kəskin enmə müşahidə edilə bilər. 

"Report"un analitik qrupu İranla bağlı müsbət qərarın veriləcəyi təqdirdə neft qiymətlərinin 40 dollar/bareldən aşağı enəcəyini proqnozlaşdırır. Qeyd edək ki, keçən həftə, noyabrın 29-da İran xarici investorlar üçün neft kontraktlarının yeni modelini təqdim edib. İranın neft naziri Bican Namdar Zəngani investorlara bildirib ki, ölkəsi 30 mlrd. dollar dəyərində 52 neft yatağını investorlar üçün açmaq fikrindədir.

Lakin, IAEA-nın verəcəyi hər hansı neqativ bəyanat neftin qiymətini 60 dollar/barelə qədər artıra bilər.

Dekabrın 4-də keçiriləcək OPEC iclasında neft hasilatı kvotasının azaldılması gözlənilmir. "Sosiete General" bankının Nyu-York filialının Neft araşdırmaları Departamentinin rəhbəri Mayk Uitner bildirib ki, Səudiyyə Ərəbistanının qərarı olmadan neft hasilatı kvotası azaldıla bilməz: "Belə bir qərarın qəbulu isə hazırda mümkün deyil".

M.Uitner ABŞ-da şist neft hasilatının həcminin də lazımi qədər azalmadığını vurğulayıb. Analitik bildirib ki, son həftə aktiv neft yataqlarının sayı daha 9 ədəd azalıb, son bir ildə isə onların sayı 1 572-dən 555-ə enib. Buna baxmayaraq, ABŞ-da neft hasilatı hələ də gündəlik 9 mln. bareldən artıqdır. Qeyd edək ki, 2012-ci ildə ABŞ-da neft hasilatı gündəlik 6,5 mln., 2013-cü ildə 7,44 mln., 2014-cü ildə 8,72 mln. barel olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi