Yuxarı

​Natiq Əliyev: “Bakı-Supsa” böyük siyasi əhəmiyyətə malikdir"

Bu layihə hər iki xalqın iqtisadi potensialını artırmaqla yanaşı, siyasi müstəqilliyinin möhkəmlənməsində də mühüm rol oynadı

Tbilisi. 16 may. REPORT. AZ/ “Bakı-Supsa” layihəsi iqtisadi uğurlarla yanaşı, həm də böyük siyasi əhəmiyyətə malikdir". "Report" xəbər verir ki, bunu Tbilisidə jurnalistlərə müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazir bildirib ki, bu layihə Azərbaycan və gürcü xalqlarının iqtisadi potensialını artırmaqla yanaşı, siyasi müstəqilliyinin möhkəmlənməsində də mühüm rol oynadı: "1990-ci illərdə Çeçenistan müharibəsi, Bakı-Novorossiysk kəmərində baş verən terror aktları Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün başqa yolların axtarılması zərurətini yaratdı. Bunun gənc, müstəqil ölkə olan Azərbaycan üçün çox mühüm əhəmiyyəti var idi. Əsrin ən görkəmli siyasətçisi olan ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi sayəsində ortaya möhkəm siyasi iradə qoyuldu. Bakı-Supsa kəmərinin çəkilməsi ideyası irəli sürüldü. Bugünkü enerji və nəqliyyat dəhlizlərinin təməli qoyuldu".

“Heydər Əliyev hələ o vaxtı özü də deyirdi ki, “Şərq-Qərb” enerji dəhlizi iqtisadi baxımdan çox, bizim üçün siyasi əhəmiyyət kəsb edir. Biz bütün dünyaya sübut edəcəyik ki, öz məsələlərimiz müstəqil olaraq özümüz həll edirik, müstəqil siyasətimiz var. Belə də oldu. Bu qərar Azərbaycanın müstəqil dövlət olduğunu, özünün müstəqil siyasəti olduğunu dünyaya sübut etdi”, - deyə N.Əliyev deyib.

Nazir vurğulayıb ki, bu siyasi iradə Azərbaycanın və Gürcüstanın müstəqilliyinin qarantı oldu: "Bu, iki dost və qonşu ölkənin dünya birliyindəki yerini möhkəmləndirdi. Eyni zamanda, Qərbin və ABŞ-ın Azərbaycana marağını və inamını artırdı”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi