Natiq Əliyev: "Azərbaycan Cənub Qaz Dəhlizi ilə bağlı öhdəliklərini uğurla yerinə yetirir"

Natiq Əliyev: "Azərbaycan Cənub Qaz Dəhlizi ilə bağlı öhdəliklərini uğurla yerinə yetirir" Layihə üzrə işlərin 50%-i artıq görülüb
Energetika
26 Noyabr , 2015 15:57
Natiq Əliyev: Azərbaycan Cənub Qaz Dəhlizi ilə bağlı öhdəliklərini uğurla yerinə yetirir

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyində Bakıda səfərdə olan Latviyanın iqtisadiyyat naziri Dana Reiznietse-Ozola ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanla Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan energetika naziri Natiq Əliyev bu əlaqələrin dostluq münasibətlərinə və qarşılıqlı etimada əsaslandığını deyib.

O, iqtisadi sahədə əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Nazir Azərbaycanın neft-qaz ölkəsi kimi keçdiyi tarixi yola diqqət yönəldərək, enerji sektorunun ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, Azərbaycan zəngin enerji resursları sayəsində ölkənin daxili tələbatını ödəməklə yanaşı, neft-qaz və elektrik enerjisinin ixracını da uğurla həyata keçirir.

N.Əliyev Azərbaycanın iştirakı ilə reallaşdırılan qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında söhbət açıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın önəmli rolunu qeyd edib. Nazir latviyalı qonağı Cənub Qaz Dəhlizi və onun tərkib hissələri, “Şahdəniz” yatağının ehtiyatları və işlənmə mərhələləri, TANAP və TAP kəmərləri barədə ətraflı məlumatlandırıb.

Energetika naziri deyib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı Azərbaycan üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir və işlərin 50%-i artıq görülüb. N.Əliyev bu layihə üzrə Məşvərət Şurasının əhəmiyyətindən danışaraq, belə bir formatın layihə üzrə bütün tranzit ölkələrdə yarana biləcək mümkün problemlərin müzakirəsinə və çıxış yollarının birgə axtarılmasına şərait yaratdığını diqqətə çatdırıb.

Latviyanın iqtisadiyyat naziri isə ölkəsinin enerji balansında alternativ və bərpa olunan enerji mənbələrinin əsas yer tutduğunu bildirib. Ölkəsinin enerjiyə olan tələbatının ödənilməsində Azərbaycandan yararlanmaq niyyətlərinin olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi