Yuxarı

SOCAR prezidentinin müşaviri: "Cənub Qaz Dəhlizi Aİ-nin enerji təhlükəsizliyinin hazırkı çağırışlarına praktiki cavabdır"

Brüsseldə “Enerji və qeyri-enerji sahələrində Azərbaycan-Beçika əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı. 11 mart. REPORT.AZ/ Brüsseldə, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və “Fluxys” şirkətinin birgə təşkilatçılığı ilə “Enerji və qeyri-enerji sahələrində Azərbaycan-Beçika əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Report” xəbər verir ki, konfrans zamanı Azərbaycanın hazırda və gələcəkdə enerji təchizatçısı və tranzit ölkə kimi oynadığı rol diqqət mərkəzində olub. Tədbirdə iştirak edən 120-dən çox qonaq arasında nazirlər, diplomatlar, belçikalı siyasətçilər və iş adamları olub.

Avropa Azərbaycan Cəmiyyətinin Belçikadakı nümayəndəliyinin rəhbəri və Belçikanın sabiq enerji naziri Mark Vervilgen bildirib ki, Azərbaycanın karbohidrogen resurslarını Türkiyə vasitəsilə Avropaya daşıyan kəmərlər sistemi 10 il öncə yaradılıb. Bununla da Rusiyanın Xəzərin enerji resurslarını Avropaya ixracatı monopoliyasına son qoyulub. Avropa onun üçün çox mühüm olan alternativ enerji mənbəyi ilə təchiz edilib. Bu strategiyanın əhəmiyyəti lazımi qədər dəyərləndirilməlidir.

Belçika baş nazirinin müavini və xarici işlər naziri Didye Reynders qeyd edib ki, bu konfrans Belçika ilə Azərbaycan arasında ticarət və investisiya səviyyəsinin artırılması üçün yeni imkanların yaradılmasına səbəb olacaq. Onun sözlərinə görə, bu ilin aprel ayında Belçika nümayəndə heyətinin Bakıya iki səfəri planlaşdırılır. Onlardan birinin məqsədi ticarət yönümlüdür, digərinə isə Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi rəhbərlik edəcək. Belçika ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə toxunan nazir vurğulayıb ki, əlaqələr yüksələn xətt üzrə inkişaf edir və əsasən tikinti, səhiyyə, günəş enerjisi sektorunu əhatə edir.

"Tədbirin təşkilatçılarından və Belçikanın qaz infrastrukturu sahəsində aparıcı şirkətlərindən olan “Fluxys” bu yaxınlarda TAP layihəsində öz payını 16%-dən 19%-ə qədər artırıb. Bu nəhəng layihə Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq və qitədə enerji coğrafiyasını dəyişəcək. “Fluxys” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə yaxından əməkdaşlıq edir. Beləliklə, onun bu layihədə rolu artacaq. Belçika şirkətləri üçün enerji, enerjinin saxlanılması, enerji effektivliyi, bərpaedilən enerji və su paylanması sahəsində fəaliyyət göstərmək üçün imkanlar var. Belçika ilə Azərbaycan arasındakı ikitərəfli ticarət dövriyyəsi 2009-cu ildə 33.7 mln. avro təşkil edibsə, bu məbləğ 2013-cü ildə 51.7 mln. avroya çatıb” - D.Reynders deyib.

Azərbaycanın energetika naziri Natiq Əliyev çıxışında qeyd edib ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında həyata keçirilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-Ərzurum (BTE) qaz kəmərləri kimi uğurlu enerji layihələri artıq Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki önəmli rolunu göstərib. 2011-ci ildə Bakıda imzalanan Cənub Qaz Dəhlizi üzrə Aİ-Azərbaycan birgə deklarasiyası Azərbaycanı Avropanı yeni qaz mənbəyi ilə təmin edən vacib rolunu, layihənin əsas töhfəçisi və həyata keçirən tərəf kimi tanıyır: “Bu, TAP və TANAP-la bağlı müqavilələrin imzalanmasına səbəb olub və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası bu ilin əvvəlində Bakıda baş tutub. Avropa İttifaqı və çoxlu sayda maliyyə institutları, eləcə də bütün tərəfdaşlarlar Cənub Qaz Dəhlizi layihəsinə dair öz sadiqliyini bir daha təsdiq ediblər. Layihə 26 sualtı quyunun qazılması, Səngəçal terminalında yeni rafinad zavodunun inşasını nəzərdə tutur. Cənub Dəhlizinin təxminan 25-i faizi artıq hazırdır və ilk qaz Avropaya 2020-ci ildə çatdırlacaqdır”.

Beynəlxalq Enerji Agentliyinin Avropa, Yaxın Şərq və Afrika bölməsinin rəhbəri Stevin Gallogly öz şərhində bildirib ki, Azərbaycan Belçika da daxil olmaqla, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Onun sözlərinə görə, 2020-ci ilə qədər bütün Avropada kömürlə işləyən nüvə elektrik stansiyaları istismardan çıxarılacaq. Qaz idxalatına böyük tələbat yaranacaq və Cənub Qaz Dəhlizi potensial olaraq Şərqi Avropa, Aralıq dənizi, Mərkəzi Asiya, İraq, İran, eləcə də digər ölkələrdən qaz idxalatı üçün geniş imkanlar yaradacaq.

“Fluxys” şirkətinin baş icraçı direktoru Valter Piraer qeyd edib ki, şirkət istehsalçıdan istehlakçı bazara qədər enerjini daşıyan infrastrukturu həm inşa, həm də istismar edir. O qeyd edib ki, Azərbaycan qazı Avropa üçün yeni əlavə mənbə olacaq. Natiq Azərbaycanın Avropanın enerji təhlükəziliyinin təmin edilməsində hazırkı və gələcək potensialını yüksək qiymətləndirib.

SOCAR prezidentinin müşaviri Murad Heydərov yekun çıxışda vurğulayıb ki, Cənub Qaz Dəhlizi layihəsi bir çox tərəfdaş şirkətləri bir araya gətirib. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası əməkdaşlıq səviyyəsinin göstəricisidir və onun məqsədi bürokratiyanı azaldaraq, praktiki icraat üçün həqiqi çərçivənin təmin edilməsidir. Azərbaycanla bağlı Avropa Ittifaqının Enerji Birliyi tərəfindən iki həftə öncə çap edilmiş “Yekun Çərçivə Sənədində” birbaşa istinadlar var idi. Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təhlükəsizliyinin hazırkı çağırışlarına praktiki cavabdır.

Xatırladaq ki, 2013-cü ilin dekabr ayında BP-nin rəhbərlik etdiyi “Şahdəniz” konsorsiumu ilə Azərbaycan hökuməti arasında “Cənub Enerji Dəhlizi” layihəsi ilə bağlı 45 mlrd. dollar məbləğində son investisiya qərarı barədə razılığa imza atılıb. "Şahdəniz 2" yatağından çıxarılan Azərbaycan qazı Türkiyə, Yunanıstan, İtaliya və Bolqarıstan kimi Avropa ölkələrini qazla təmin edəcək. Səngəçal terminalında təməlatma mərasimi 2014-cü ilins sentyabr ayında baş tutub və Türkiyəyə ilk qazın 2020-ci ildə çatdırılacağı gözlənilir. Bu qaz Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kəmərlərindən keçəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi