"Moody's": Bu il neftin qiyməti 40-60 dollar/barel diapazonunda dalğalanacaq

"Moody's": Bu il neftin qiyməti 40-60 dollar/barel diapazonunda dalğalanacaq Qlobal neft şirkətləri təbii qaza keçidlə bağlı investisiyalarını artıracaq
Energetika
46
4 Yanvar , 2018 10:49
Moody's: Bu il neftin qiyməti 40-60 dollar/barel diapazonunda dalğalanacaq

Bakı. 4 yanvar. REPORT.AZ/ Bu il dünya neft sənayesində canlanma davam edəcək və neft hasilatı artacaq. "Report" xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin 2018-ci il üçün qlobal neft sənayesinə dair icmal hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, OPEC-in neft hasilatının azaldılması ilə bağlı anlaşmanı 2018-ci ilin sonuna qədər uzatmasına baxmayaraq, il ərzində neft qiymətləri 40-60 dollar/barel diapazonunda dalğalanacaq. Həmçinin, neft qiymətlərinin bu diapazonda qalması və ya onu ötməsi durumunda neft ölkələrinin hasilatı artırması və ABŞ-da şist neft hasilatının yüksəlməsi proqnozlaşdırılır.

"Moody's"in ekspertləri hesab edirlər ki, Şimali Amerikada 2017-ci ildə neft sənayesinə investisiya qoyuluşları güclənib və nəticədə, bu il hasilatın artacağı ehtimal edilir. Hesabatda qeyd olunub ki, 2018-ci ildə minik avtomobillərinin sayının artması səbəbi ilə neftə tələbat yüksələcək. Minik avtomobillərinin sayının artması səbəbindən neftə tələbatın 2030-cu ildə rekord həddə çatması və bu göstəricinin 2040-cı ildə yenilənməsi gözlənilir.

Bununla yanaşı "Moody's" bildirib ki, 2018-ci ildə qlobal neft şirkətlərinin bərpa olunan və alternativ enerji texnologiyaları ilə uzunmüddətli perspektivdə təbii qaza keçidlə bağlı investisiyalarını artıracaq.