Yuxarı
    Bağlamaq

    Milli Neft-Kimya Şirkətinin direktoru: "İranın özəl neft-kimya şirkətləri Azərbaycana sərmayə yatıra bilər" - MÜSAHİBƏ

    İranın Milli Neft-Kimya Şirkətinin investisiya direktoru Reporta müsahibə verib© Report.az

    Moskva. 14 aprel. REPORT.AZ/ İranın Milli Neft-Kimya Şirkətinin (NIPC) investisiya direktoru Hosseyn Alimoradın  "Report"un Rusiya bürosuna müsahibəsi:

    - Azərbaycanın neft-kimya sənayesinin inkişafını necə qiymətləndirirsiniz?

    - Azərbaycanın neft-kimya sənayesinin inkişaf etdiyini görürük. Amma əlavə investisiyalar olmadan əhəmiyyətli irəliləyişə nail olmaq çətin olacaq. Çünki dünyada neft-kimya bazarı çox sərtdir. İran bu sektorun inkişafında Azərbaycana kömək edə bilər. Bu da ölkəyə dünya bazarına daha sürətli daxil olmağa imkan verər.

    Azərbaycanda daimi İran nümayəndə heyəti var və onlar azərbaycanlı tərəfdaşları ilə işləyirlər. İranda bu yaxınlarda neft-kimya sektoru özgəninkiləşdirilib və hələlik Azərbaycan tərəfi ilə heç bir birgə layihə yoxdur. Amma bu mövzuda məsləhətləşmələr gedir.

    - İran Azərbaycana real olaraq nə köməklik göstərə bilər? İran rəhbərliyi bu məsələdə nə dərəcədə maraqlıdır?

    - Ayətullah Xamenei Azərbaycanla əməkdaşlıq edilə biləcək ideyalar bildirməyimi istəmişdi. Birincisi, mühəndis-tikinti əməkdaşlığıdır. İkincisi, ekspert yardımıdır: Azərbaycan tərəfinə zavod tikintisi sahəsində kömək edəcək mütəxəssislər təqdim edə bilərik.

    Üçüncüsü, güclərin layihələndirilməsində yardımdır: İran layihələrin reallaşma potensialından tutmuş istehsalın başladılmasına qədər neft-kimya sənayesinin inkişafının strateji planlaşdırılmasında yardım edə bilər.

    Özəl neft-kimya şirkətlərimiz birbaşa investisiyalar imkanları ilə Azərbaycana gələ bilərlər.

    Yardımın digər forması müasir neft-kimya avadanlıqlarının Avropa və ya ABŞ istehsalı olan oxşarlarından qat-qat aşağı qiymətə təqdim edilməsi və bu yolla istehsal və yeni layihələrin xərclərinin azaldılmasıdır.

    Azərbaycan tərəfinin təqdimatı məni yaxşı mənada təəccübləndirdi. Fərid Cəfərovu İrana dəvət etdim ki, o, neft-kimya sənayesindəki nailiyyətlərimizlə tanış olsun. Həmçinin Azərbaycana gedəcəyimə, daha əvvəl eşitdiyim Sumqayıtdakı müəssisələri canlı-canlı görəcəyimə ümid edirəm.

    - Bu gün İranın Azərbaycanın neft şirkətləri ilə hansı əlaqələri var?

    -SOCAR və İran Milli Neft Şirkəti (NIOC) fəal əməkdaşlıq edir. Amma onlar dövlət şirkətləridir və öz dövlətlərinin maraqlarına əsaslanırlar. Amma bu sahədə özəl şirkətlər arasında əlaqələr zəifdir.

    İndi İranın Neft Nazirliyinin nəzarətində olan enerji sektorunda Azərbaycanla əməkdaşlıq üzrə daimi komitə var. Bu komitə birgə layihələr üçün imkanlar axtarır.

    - Qərbin sanksiyaları aradan qaldırması İranda neft sənayesinə nə dərəcədə güclü təsir edib?

    - Qərbin sanksiyalarına baxmayaraq, biz bu illərdə neft sənayesinin strateji planlaşdırmasını davam etdirdik. Əlbəttə, sanksiyalar planların həyata keçirilməsində bəzi gecikmələrə səbəb oldu, lakin onlara ciddi təsir etmədi. Sanksiyaların aradan qaldırılmasından sonra beynəlxalq tərəfdaşlarla daha geniş miqyasda işləmək imkanı əldə etdik.

    Məsələn, indi İranın neft-kimya sənayesinə 6 başqa ölkənin sərmayə yatırması barədə danışıqlar gedir. Bütün detalları açıqlamayacağam, amma danışıqlar uğurlu olarsa, bu, böyük nailiyyət olacaq. Bundan əlavə, İran neft-kimya sferası üzrə Cənub-Şərqi Asiyanın bir neçə ölkəsi ilə danışıqlar aparır. Eyni zamanda, Cənubi Asiya ölkələri tərəfindən İranın neft-kimya sektorunu qısamüddətli maliyyələşdirmə üzrə əlavə proqram var. Bu, İranın daha əvvəl üzərinə düşən bütün maliyyə öhdəliklərini yerinə yetirməsinə görə mümkün olub. Bizdən fərqli olaraq, bəzi Avropa ölkələri İrana qarşı öhdəliklərini yerinə yetirməyə tələsmirlər.

    - Bəs, ekoloqlar İranın neft-kimya sənayesinin inkişafına necə yanaşırlar? Axı, bunun ətraf mühiti ən çox çirkləndirən sahələrdən biri olduğu məlumdur.

    - İranda beynəlxalq norma və standartlara cavab verən istehsalın ekoloji təmizliyini milli tənzimləmə mövcuddur. Ölkədə hər hansı neft-kimya istehsalı sağlamlıq və təhlükəsizliyə təsir qiymətləndirilməsindən keçməlidir.

    İranda bütün neft şəbəkəsində istehsal atmosferə tullantıların CO2 normasına uyğun aparılır. Bu və ya digər layihənin maliyyələşdirilməsi ətraf mühitə zərər müəyyən olmadan mümkün deyil. Xalqımız və qonşularımızın sağlamlığını düşündüyümüzdən bu məsələ üzərində ciddi işləyirik.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi