Millət vəkili: “Azərbaycan elektrik ixrac edən ölkəyə çevrilib”

Millət vəkili: “Azərbaycan elektrik ixrac edən ölkəyə çevrilib” “Deyə bilərəm ki, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Azərbaycan elektrik idxal edən ölkədən ixrac edən, xeyli dərəcədə enerji ehtiyatı olan ölkəyə çevrilib”.
Energetika
26 İyun , 2020 14:05
Millət vəkili: “Azərbaycan elektrik ixrac edən ölkəyə çevrilib”

“Deyə bilərəm ki, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Azərbaycan elektrik idxal edən ölkədən ixrac edən, xeyli dərəcədə enerji ehtiyatı olan ölkəyə çevrilib”.

Bunu “Report”a Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Mingəçevirə səfərindən danışan millət vəkili qeyd edib ki, bu səfər çox uğurlu olub və dövlət başçısı bir sıra çox vacib obyektlərin açılışını həyata keçirib, müəyyən tədbirlərdə iştirak edib, çox dəyərli çıxışlarla yadda qalıb.

“Biz Prezidentin Azərbaycanda enerji sistemlərinin yaradılması və inkişafına dair dediklərindən də məmnunuq. Doğrudur, keçən əsrin 30-cu illərdən başlayaraq Azərbaycanda müəyyən sistemlər quruldu, sonralar SSRİ miqyasında böyük sayıla biləcək Mingəçevir SES-in əsasları qoyuldu. Amma bildiyimiz kimi, bu çox aşınmışdı, bənd sistemində müəyyən zədələr meydana gəlmişdi, eyni zamanda stansiyanın avadanlıqları xeyli köhnəlmişdi, innovativ sahədən çox geridə qalmışdı. Bildiyiniz kimi, iki il öncə Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasında qəza baş verdi. Bu qəza nəticəsində Azərbaycanda elektrik kəsintisi yaşandı. Prezident bununla bağlı xüsusi müşavirə keçirdi, tapşırıqlar verdi, problem aradan qaldırıldı. Çox sevindirici haldır ki, ötən müddət ərzində bu stansiya nəinki bərpa olunub, demək olar ki, tamamilə yeni, müasir, dünyasəviyyəli aparat, qurğularla təmin olunub, sistem tamamilə təzələnib, avtomatik sistemə keçirilib, ən mühümü isə müəyyən xətalardan sığortalanma sistemləri yaradılıb”, - T. Kərimli vurğulayıb.

O, həmçinin xatırladıb ki, ötən əsrin 70-ci illərindən ulu öndər Heydər Əliyev Azərbaycanın bütün sahələrində inkişafı stimullaşdırdı, o cümlədən Azərbaycanda elektik və enerji təsərrüfatının yenidən yaradılması və inkişafına böyük təkan verdi, bu sahədə bütöv tədbirlər həyata keçirildi. “Nəticədə gördük ki, indiki Şirvan, keçmiş Əlibayramlı SES-i, Cənub Elektik stansiyası və digərləri inkişaf etdirildi. Amma ağır illərdə Azərbaycan enerjidən məhrum vəziyyətdə idi, tez-tez işıqlar sönürdü, fabrik zavodlar işini dayandırırdı, çox ağır durum idi. Bunu aradan qaldırmaq üçün Heydər Əliyev çox möhtəşəm işlər gördü”,- o əlavə edib.

Millət vəkili Azərbaycanın elektrik enerjisi sahəsindəki inkişafına misal olaraq Naxçıvanı göstərib: “Naxçıvan balaca Muxtar Respublika olmasına baxmayaraq, qonşu dövlətlərə elektrik ixrac edir, o cümlədən Mingəçevirdəki stansiyanın bərpası, modul sistemlərinin yaradılması, böyük elektrik gücünə malik şəbəkələrin, qurğuların stansiyaların inşası bu sahədə görülən işlərə nümunədir. Bundan başqa, alternativ enerji mənbələrinin, külək, bioenerji, günəş enerjisindən istifadə sahəsində böyük proqramlar var. Çox xoşdur ki, indi Azərbaycanın enerji ehtiyatları öz tələbatını az qala iki dəfə üstələməkdədir. Bilirsiniz ki, bu da Azərbaycanda valyuta da gətirir, çox ciddi inkişaf var. Hesab edirəm ki, bütün sahələrdə olduğu kimi bu sahədə də inkişaf davam edəcək, biz çox uğurların şahidi olacağıq. Təsadüfi deyil ki, elektrik enerjinin əlçatımlığına görə Davos forumunda beynəlxalq reytinq təşkilatları Azərbaycanı həmişə ilk onluqda bəzən ikinci, bəzən beşinci yerdə göstərirlər. Bu da Azərbaycanın uğurudur və bunun üçün cənab Prezidentə təşəkkür edirik”.

Son xəbərlər

Orphus sistemi