Bakı. 30 avqust. REPORT.AZ/ Meksika hökuməti beynəlxalq bazarlarda 2017-ci ildə neft qiymətlərinin düşməsinə qarşı sığortalanıb. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika Maliyyə Nazirliyi məlumat yayıb. Məlumatda deyilib ki, sığorta haqqı 19 mlrd. peso (1 mlrd. ABŞ dolları) təşkil edib. Sığorta müqaviləsinə görə, 2017-ci ildə orta illik neft qiymətləri 42 dollar/barel təşkil etməli və 250 mln. barel hasilatı əhatə etməlidir. Maliyyə Nazirliyi bildirib ki, bu addım ölkənin federal büdcəsinin xərc hissəsini neft qiymətlərinin sığortalanan səviyyədən aşağı düşməsi halında qorumaq məqsədilə atılıb.
Xatırladaq ki, Meksika 2015-ci ilin dekabrında sığorta müqaviləsi əsasında 6,3 mlrd. dollar əldə edib. Ekspertlər neft qiymətlərinin cari səviyyəsini nəzərə almaqla Meksikanın 2016-cı ildə də sığorta ödənişi əldə edə biləcəyini ehtimal edirlər. Xatırladaq ki, Meksika bu təcrübədən 1990-cı ildən etibarən istifadə edir və ardıcıl iki dəfə sığorta ödənişi əldə etməyib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) da neft qiymətlərinin yüksək olduğu illərdə bu cür praktikadan istifadə edə bilərdi. Uzunmüddətli hasilatın bir hissəsini əhatə edən belə bir sığortalanma hadisəsi ARDNF-nin büdcə transferlərinin həcmini qoruya bilər və manatın devalvasiyasına ehtiyac olmaya bilərdi. Hazırda isə ölkənin valyuta bazarında qıtlıq hökm sürür və ÜDM-də bu il 4%-ə yaxın azalma gözlənilir. Hətta neft qiymətlərinin bu səviyyədən sığorta edilməsi də mümkün ola bilər. Çünki bəzi analitiklər yaxın gələcəkdə neft qiymətlərinin 20 dollar/barelə qədər enəcəyini istisna etmirlər.