Yuxarı

​Martda Bakıda Beynəlxalq Xəzər Enerji Forumu keçiriləcək

Tədbir Azərbaycan Energetika Nazirliyi və Xəzər Avropa Klubunun dəstəyi ilə təşkil olunur

Bakı. 5 dekabr. REPORT.AZ/ Gələn il martın 11-də Bakıda Azərbaycan Energetika Nazirliyi və Xəzər Avropa Klubunun (Caspian European Club) dəstəyi ilə III Beynəlxalq Xəzər Enerji Forumu və "Caspian Energy Award-2015" mükafatının təqdimetmə mərasimi keçiriləcək. Bu barədə "Report"a Xəzər Avropa Klubundan məlumat verilib.

Tədbirin açılış mərasiminə Azərbaycan prezidenti, Klubun sədri İlham Əliyev dəvət olunub.

"Azərbaycan prezidenti, "Caspian European Club"un sədri İlham Əliyevin "Caspian Energy Forum-2015"in açılış mərasimində iştirakı biznes-hökumət dialoqunun daha dinamik inkişafı üçün təkan olacaq və Xəzər-Qara dəniz regionu ölkələrinin şirkətlərinin Avropa İttifaqı B ölkələrinin şirkətləri ilə daha sıx əməkdaşlığına vasitəçilik edəcək", - deyə Klubun baş icraçı direktoru Telman Əliyev qeyd edib.

T.Əliyevin sözlərinə görə, tədbirdə Azərbaycan, Xəzər-Qara dəniz və Baltika regionları ölkələrinin dövlət qurumları və təşkilatların rəhbərləri, o cümlədən Azərbaycanda akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların və beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəklər.

Forumun birinci hissəsində dünya enerji bazarına inteqrasiyanın aspektlərinin müzakirəsi planlaşdırılır. Azərbaycanın energetika, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, neft və qaz layihələri, Cənub Qaz Dəhlizi, Xəzərin resurs potensialı məruzəçilərin və forum iştirakçılarının diqqət mərkəzində olacaq.

Forumun ikinci hissəsi qeyri-neft sektorunun inkişafına həsr olunacaq. Burada maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və digər qeyri-neft sektorunda innovasiyaların gətirilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun qurulması kimi məsələlər müzakirə olunacaq.

Həmçinin, "Caspian Energy Award-2015" mükafatının təqdimetmə mərasimi keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi