Bakı. 23 fevral. REPORT.AZ/ "Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin icrasında mümkün yubanmaların olmaması və layihənin cədvəlinə təsir göstərməməsi üçün əlimizdən gələni edəcəyik".
"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin III görüşündən sonra təşkil olunan mətbuat konfransında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib.
O deyib ki, 2020-ci ildə qazın İtaliyaya çatdırılması üçün qurum dəstəyə davam edəcək: "İtaliyada yaranan narahatlıqlarla bağlı İtaliya ilə özəl əməkdaşlıq aparılmaqdadır. Bu iclasda da İtaliyada icazələrin yubanmasını və çatışmazlıqları qeyd etdik. İtaliya bu layihədən ən çox faydalanan ölkələrdən olacaq".
Avropa Komissiyasının rəsmisi İtaliyanın Apuliya bölgəsinin rəsmilərinə məktub yazdığını, məktuba müsbət cavab aldığını bildirib. M.Şefçoviç bu bölgəyə səfər edəcəyini də söyləyib.