Marika Karayianni: "TAP Avropanın enerji təhlükəsizliyinin qorunmasında vacib rol oynayacaq" - MÜSAHİBƏ

Marika Karayianni: "TAP Avropanın enerji təhlükəsizliyinin qorunmasında vacib rol oynayacaq" - MÜSAHİBƏ Bakı. 8 avqust. REPORT.AZ/ Yunanıstanın Xəzər regionu üzrə eksperti, doktor Marika Karayianninin Report agentliyinə müsahibəsi.
Energetika
8 Avqust , 2018 12:20
Marika Karayianni: TAP Avropanın enerji təhlükəsizliyinin qorunmasında vacib rol oynayacaq - MÜSAHİBƏ

Bakı. 8 avqust. REPORT.AZ/ Yunanıstanın Xəzər regionu üzrə eksperti, doktor Marika Karayianninin "Report" agentliyinə müsahibəsi.

- Cənub Qaz Dəhlizi layihəsinin Yunanıstanın və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, SSRİ dağılandan sonra Avropa İttifaqı (Aİ) Xəzər regionuna böyük maraq göstərdi, Aİ Rusiya qazına alternativ kimi Xəzərdən təbii qazın idxalını təşviq edirdi. 2008-ci ilin yanvar ayında Rusiya qazının Ukrayna üzərindən nəqli dayandırılarkən bir sıra Avropa ölkələrində qışın ortasında ciddi problemlər yaranan zaman Aİ gələcəkdə müxtəlif mənbələrdən kəsintisiz təbii qazın təmin edilməsi üçün enerji mənbələrinin və marşrutlarının genişləndirilməsi ilə bağlı təklifləri hazırlamağa başladı.

Aİ-nin qaz tədarükünün diversifikasiyasında əsas məqam Cənub Qaz Dəhlizinin (CQD) yaradılması oldu. CQD Türkiyə  ərazisində inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trakiya bölgəsində, Yunanıstan-Türkiyə sərhədindəki Kipoy şəhərində TANAP ilə birləşdirilməklə Şimali Yunanıstandan keçərək Albaniyanın Fier şəhərindən Adriatik dənizi vasitəsi ilə İtaliyadakı San Fokaya qədər uzanan Trans Adriatik Təbii Qaz Boru Kəməri (TAP) layihələrindən ibarətdir. İnşası tamamlandıqdan sonra  TAP Avropanın enerji təhlükəsizliyinin qorunmasında vacib rol oynayacaq. Müasir dövrümüzün ən vacib enerji infrastruktur layihəsi olan TAP 2020-ci ildən başlayaraq Xəzər dənizindən təbii qazın Avropa enerji bazarlarına axınını təmin edəcək. İlkin mərhələdə Avropaya ildə 10 mlrd. kubmetr Azərbaycan qazı nəql olunacaq,  TANAP vasitəsilə isə Türkiyə ildə 6 mlrd. kubmetr qaz alacaq. TAP vasitəsilə ildə 1 mlrd. kubmetr "Şahdəniz" qazı Yunanıstana satılacaq. Yunanıstan uzunmüddətli sazişlər çərçivəsində Rusiyanın "Gazprom" və Əlcəzayirin "LNG Sonatrach" şirkətlərindən qaz alır. "Şahdəniz" layihəsinin birinci fazasından Yunanıstana kiçik həcmdə qaz gəlir, amma əsl şaxələndirməyə ikinci faza çərçivəsində nəql olunacaq 1 mlrd. kubmetr həcmdə qaz sayəsində nail olunacaq.

Yunanıstan və Cənub-Şərqi Avropa üçün 2020-ci ildən və ilkin olaraq 10 mlrd. kubmetr həcmdən sonra nələrin baş verəcəyi çox vacibdir. Aİ Cənub-Şərqi Avropada qonşu ölkələri Rusiyadan kənar mənbələrdən təbii qazla təmin etmək üçün bir neçə interkonnektor inşa etməkdə maraqlıdır. Bu mənada, Yunanıstan Aİ Şaquli Dəhliz çərçivəsində TAP-la gələcək interkonnektorlar arasında birləşdirici enerji xabına çevriləcək. Buraya ilk növbədə IGB - Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece-Bulgaria) daxildir.  IGB-nin tikintisinin 2018-ci ilin IV rübündə başlanması planlaşdırılır və bu interkonnektor TAP ilə birlikdə istismara daxil olacaq. Bolqarıstan-Rumıniya, Bolqarıstan-Serbiya və Rumıniya-Macarıstan interkonnektorları da oxşar layihələrdir. 2018-ci ilin may ayında Sofiyada Aİ-Qərbi Balkanlar sammitində Bolqarıstan və Serbiya  TAP-ın illik ötürücülük gücünün 20 mlrd. kubmetrə çatdıqda bu kəmərə birləşdirmək məqsədi daşıyan Dmitrovqrad-Niş interkonnektorunun tikintisi ilə bağlı Birgə Bəyannamə imzalayıblar.  Boru kəmərinin Serbiya hissəsi Aİ-nin maraq kəsb etdiyi layihələr siyahısına daxil edilib və tikintisinə 49,6 mln. avro ayrılıb. Sistemlərin birləşdirilməsi TAP-ın Yunanıstandakı kompressor stansiyadan baş tutacaq. Oxşar birgə bəyannamələr Bolqarıstan-Rumıniya və Rumıniya-Macarıstan interkonnektorları ilə bağlı da imzalanıb və onlar da maraq kəsb edən layihələr siyahısına daxil edilib və Aİ-dən maliyyələşməni ala bilər.

- Məlumdur ki, Yunanıstanla Türkiyə arasında əlaqələr o qədər də yaxşı deyil. Düşünürsünüzmü ki, TAP-TANAP üzərində birgə əməkdaşlıq iki ölkəni bir-birinə yaxın edər?

- İki ölkə arasındakı bəzi məsələlərdə ikitərəfli qarşıdurmaya baxmayaraq, bu, energetika sahəsində əməkdaşlığa aid deyil, çünki hər iki ölkənin aparıcı energetika şirkəti DEPA və BOTAŞ arasında həmişə mükəmməl əməkdaşlıq olub. Bundan başqa, 2005-ci ildə əvvəlki baş nazirlər Karamanlis və Rəcəb Tayyib Ərdoğan Karacabəy-Komotini qaz kəmərinin açılışında iştirak ediblər. Bu boru kəməri hələ də fəaliyyət göstərir və hazırda "Şahdəniz" (Mərhələ-1-REP.) qazını Türkiyə vasitəsilə Yunanıstana nəql edir. İki ölkə TAP-da səhmlərə sahib olmasalar da, CQD-nin tikintisi və təşviqi ilə bağlı çoxlu işlər görür və hər ikisi CQD-nin Məşvərət Şurasının üzvüdür.

- Bu yaxınlarda yeni İtaliya hökuməti TAP-ı lazımsız layihə adlandırıb və onu yenidən nəzərdən keçirəcəyini bildirib... Bu barədə sizin mövqeyiniz necədir?

- Mən başqa hökumətlərin şərhlərinə münasibət bildirə bilmərəm, amma fakt odur ki, TAP layihəsi İtaliya üçün çox faydalı olacaq. İtaliyanın qazpaylama şəbəkəsinin genişləndirilməsi Cənub Qaz Dəhlizinin proqramında yer alır və bu, "Şahdəniz" yatağından hasil olunan qazın gələcəkdə İtaliyadan Mərkəzi və Qərbi Avropaya nəql olunmasına imkan yaradacaq. Bunun nəticəsində İtalya LNG terminalları ilə birlikdə özü də enerji mərkəzinə çevriləcək. Yunanıstan və İtaliya dost ölkədir və hər iki ölkə Avropa İttifaqının üzvü olduğundan enerji məsələlərində sıx əməkdaşlıq edirlər.

-  Dünya enerji bazarının gələcəyi ilə bağlı proqnozunuz necədir?

- Təbii qaz sektoruna nəzər yetirsək görərik ki, LNG sektoru, qlobal LNG tədarüklərin həcmi bütün dünyada artır. Eyni zamanda, ABŞ-ın LNG tədarükləri vasitəsi ilə Avropa qaz bazarına daxil olması ilə bağlı böyük istək var. İlk belə  tədarük Polşaya həyata keçirilib. Amerika şirkətləri, həmçinin ABŞ-dan maye qazın Şimali Yunanıstana tədarük etməsi məsələsində fəaldırlar.

Çin qlobal enerji dəyişikliklərində əsas faktor rolunu oynayır. Çinin 2017-ci ildə qaz istehlakı 15% artıb və dünya qaz istehlakı artımının üçdə birini təşkil edib. Məlumat üçün deyim ki, Rusiya Çin üçün əsas təbii qaz tədarükçüsüdür və 2017-ci ildə bu ölkə Yaponiyadan sonra LNG idxalı üzrə dünyada ikinci yer tuturdu.

Dünya neft və qaz hasilatına və bu sahədə olan dəyişikliklərə gəlincə, yüksək neft qiymətləri "Royal Dutch Shell", "Total", BP və "Equinor" kimi iri neft şirkətlərini dənizdə dərin quyuların qazılmasına yenidən başlamağa sövq edir. Hesabatlara əsasən, enerji nəhəngləri öz işlərini yenidən nəzərdən keçirirlər. Bir çox neft şirkətləri Meksika körfəzində, Konqoda, Anqolada, Braziliyada, Qvineyada, Kiprdə, Misirdə və Yunanıstanda 4 000-7 000 metrlik quyuları ya qazırlar, ya da qazmağa hazırlaşırlar. BP şirkəti Mavritaniya və Seneqalda çoxlu imkanlar görür. Eyni zamanda, Kanada, CAR və Namibiya da quyuların qazılması və hasilat üçün mümkün sahələr kimi nəzərdən keçirilir.

Son xəbərlər

Orphus sistemi