​Mariam Valişvili: "Regional layihələrdə iştirak Gürcüstan üçün böyük əhəmiyyətə malikdir"

​Mariam Valişvili: "Regional layihələrdə iştirak Gürcüstan üçün böyük əhəmiyyətə malikdir" Nazir müavini Mariam Valişvili: "Bizim gələcək üçün çox böyük planlarımız var"
Energetika
14 Noyabr , 2014 10:44
​Mariam Valişvili: Regional layihələrdə iştirak Gürcüstan üçün böyük əhəmiyyətə malikdir

Tbilisi. 14 noyabr. REPORT.AZ/ “Gürcüstan üçün regional enerji layihələrində iştirak böyük əhəmiyyətə malikdir”. Bunu noyabrın 14-də Tbilisidə işə başlayan II Beynəlxalq  Xəzər Enerji Forumunda çıxış edən Gürcüstanın energetika nazirinin birinci müavini Mariam Valişvili deyib.

"Report"un Tbilisiyə ezam olunan əməkdaşları xəbər verir ki, nazir müavini son illər Gürcüstanın iştirak etdiyi enerji layihələrinə 10 mlrd. ABŞ dollarından artıq vəsait xərcləndiyini deyib: “Gürcüstan üçün regional enerji layihələrində iştirak etmək çox böyük əhəmiyyətə malikdir. Bizim gələcək üçün çox böyük planlarımız var. Gürcüstanın enerji layihələrində iştirakı tərəfdaş ölkələrə, xüsusən də Azərbaycan və Türkiyəyə əhəmiyyətli xeyir verir”.

Rəsmi Tbilisinin regional layihələrdə əsasən tranzit ölkə kimi iştirak etdiyini deyən M.Valişvili hesab edir ki, prosesin təhlükəsizliyini təmin etmək üçün müəyyən işlər görülməlidir: "Bizim regional layihələrdə iştirakımızın bariz nümunəsi "Şahdəniz" layihəsi və Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Etiraf etmək lazımdır ki, bizim bu layihələrdə iştirak etmək üçün təkliflərimiz çoxdur, amma təəssüf ki, bu layihələrdə təmsil olunmaq üçün müvafiq ehtiyatlarımız yoxdur. Biz layihələrin reallaşdırılmasında tranzit ölkə kimi çıxış edə bilərik. Hesab edirəm ki, son illər infrastrukturun yaxşılaşdırılması üçün görülən işlər neft və qazın vaxtında mənzilbaşına çatdırılmasına şərait yaradır".

Qeyd edək ki, Beynəlxalq Xəzər Enerji Forumu hər il Tbilisidə Xəzər Avropa Klubunun (Caspian European Club) ümumi iclası formatında keçirilir. Budəfəki tədbir “Caspian Energy International Media Group”un 15 illik yubileyi çərçivəsində təşkil olunub.

Son xəbərlər

Orphus sistemi