Yuxarı

Mahir Məmmədov: "Gürcüstanın qazla təminatında uzunmüddətli problem olmur"

SOCAR Energy Georgianın baş direktoru: SOCAR-a məxsus magistral qaz kəməri ilə Gürcüstana gündəlik 6,3 mln. kubmetr qaz nəql edilir

Bakı. 12 yanvar. REPORT.AZ/ Gürcüstanın Azərbaycan qazı ilə təminatında uzunmüddətli problemlər olmur. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə qurumu - “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.

M.Məmmədov qeyd edib ki, Gürcüstanın Azərbaycan tərəfindən qaz təchizatı planlı şəkildə aparılır: "Son vaxtlar həm təzyiqi, həm də həcmi artırmağa ehtiyac olduğundan, həcm və təzyiq artırılıb. Ancaq qaz nəqli kəmərlərinin işində bəzən texniki problemlər yaranır. Məsələn, 2-3 gün əvvəl Gürcüstan tərəfdə 800 mm-lik magistral qaz boru kəmərində problem yaranıb və Gürcüstan məcburi qaydada müvəqqəti olaraq bir xətdən digər xəttə keçməli olub. Bu, iş əsnasında olan adi problemlərdir və hərdən baş verir. Bunlar həm Gürcüstan tərəfdən, həm də bizim tərəfdən dərhal aradan qaldırılır. Demək olar ki, nə Gürcüstan tərəfdə, nə də Azərbaycan tərəfdə uzunmüddətli problem olmur".

O qeyd edib ki, Qazaxdan Gürcüstana çəkilən SOCAR-a məxsus magistral qaz kəməri ilə qonşu ölkəyə gündəlik 6,2-6,3 mln. kubmetr qaz nəql edilir: "Bundan başqa, Bakı-Tbilisi-Ərzurum boru kəməri (Cənubi Qafqaz Boru Kəməri) ilə gündəlik təxminən 2,8-3 mln. kubmetr "Şahdəniz-1" qazı nəql olunur. Gürcüstanın qaz istehlakının müəyyən həcmi isə Rusiyadan Ermənistana qaz nəql edən "Şimal-Cənub" boru kəmərinin tranzit haqqı kimi verilir".

M.Məmmədovun sözlərinə görə, Gürcüstanın hazırda qaza olan tələbatı 10,5-10,6 mln. kubmetrdən, bəzən 11 mln. kubmertə qədər dəyişir.

Qeyd edək ki, Gürcüstan Neft və Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili bildirib ki, bəzi hallarda SOCAR Gürcüstanı təbii qazla fasiləsiz təmin edə bilmir, qaz təchizatında məhdudiyyətlər olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi