Yuxarı

​"Maersk Oil" şirkətinin mənfəəti və kəşfiyyat xərcləri azalıb

Şirkət bu il ərzində kəşfiyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır

Bakı. 15 avqust. REPORT.AZ/ Danimarkanın "Maersk Oil" şirkətinin bu ilin II rübündə xalis əməliyyat mənfəəti ötən ilin müvafiq dövründəki 137 mln. dollardan 131 mln. dollara düşüb.

"Report" "Offshore Energy Today" saytına istinadən xəbər verir ki, şirkətin əsas mənfəəti isə 217 mln. dollardan 130 mln. dollara qədər azalıb.

Mənfəətin azalmasına baxmayaraq, şirkət bu ilin I rübündəki 29 mln. dollar xalis zərərlə müqayisədə hesabatını "II rübdə mənfəətə qayıdış" kimi qeyd edib.

Şirkət II rübdə I rüblə müqayisədə mənfəət əldə olunmasını dünya bazarında neftin qiymətinin I rübdəki 34 dollar/bareldən 46 dollar/barelə qalxması, eyni zamanda əməliyyatların artması və xərclərin azalması ilə izah edib.

"Maersk Oil"un hasilatı ötən ilin müvafiq dövrünə nisbətən 8,2% arataraq 331 min barel/gün olub.

Artıma baxmayaraq, Qətər hökuməti iyunun sonunda bildirib ki, Danimarka şirkətinin əvəzinə "Al Shaheen" yatağında əməliyyat aparmaq üçün "Qatar Petroleum" Fransanın "Total" şirkətini seçib. "Maersk Oil" bildirib ki, hazırkı neft qiymətlərində hasilatını və gəlirlərini 40% itirəcək.

Kəşfiyyata gəlincə isə şirkət qeyd edib ki, kəşfiyyat fəaliyyəti əhəmiyyətli dərəcədə azalıb.

"Maersk Oil" bu ilin II rübündə kəşfiyyat xərclərini ötən ilin müvafiq dövründəki 109 mln. dollardan 57% azaldaraq 47 mln. dollara salıb.

Şirkət bu il ərzində kəşfiyyat xərclərinin ötən ildəki 423 mln. dollardan əhəmiyyətli dərəcədə az olacağını proqnozlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi