“TAP AG” konsorsiumu Trans-Adriatik Boru Kəmərinin (TAP) mövcud və gələcək kompressor stansiyalarında elektrik kompressorlarının quraşdırılması imkanlarını nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə “TAP AG”nin idarəedici direktoru Luka Skieppati Bakıda Cənub Qaz Dəhlizi və “yaşıl” enerji üzrə Məşvərət Şuraları çərçivəsində keçirilən nazirlərin görüşlərində bildirib.
“Karbon izini azaltmaq üzrə strategiyamız çərçivəsində konsorsium 2025-ci ilə qədər emissiyaların azaldılması üçün qısamüddətli hədəfləri nəzərdə tutan İstixana Qazları Emissiyalarının İdarə Edilməsi Planını həyata keçirir. Bu baxımdan biz həm mövcud, həm də qaz kəməri sisteminin genişləndirilməməsi halında yaradılacaq gələcək stansiyalarda yeni elektrik kompressorlarının quraşdırılması imkanlarını nəzərdən keçiririk”, - o deyib.
L.Skieppati vurğulayıb ki, TAP Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə və aşağı karbonlu gələcəyə keçidə mühüm töhfə verməyə hazırdır.
“TAP Avropanın karbonsuzlaşdırma səylərini dəstəkləyir. Boru kəmərinin cari ötürücülük qabiliyyətini tədricən artırmaqla Aİ-nin iqlim və enerji hədəflərinə daha çox töhfə verə bilərik. TAP həm qısa, həm də uzunmüddətli perspektivdə enerji keçidində mühüm rol oynamağa hazırdır”, - o vurğulayıb.
Xatırladaq ki, Azərbaycan qazının Xəzər dənizindən Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin yekun komponenti olan Trans-Adriatik Boru Kəməri 2020-ci il noyabrın 15-də kommersiya istismarına verilib. Uzunluğu 878 kilometr olan qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizinin dibi və İtaliyadan keçir.
Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Aİ arasında əldə olunan razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.