Yuxarı

​Londonda beynəlxalq enerji konfransında neftin qiymətinin ucuzlaşmasının qlobal iqtisadiyyata təsiri müzakirə olunur

Riverstone Holdingsin prezidenti: ABŞ-da hasilatın artması üçün neftin bir barelinin qiyməti 80 dollar olmalıdır

London. 6 oktyabr. REPORT.AZ/ Bu gün Londonda beynəlxalq "Neft və Pul" (Oil & Money 2015) konfransı öz işinə başlayıb. "Report"un əməkdaşının verdiyi məlumata görə, "Energy Intelligence" və "International New York Times"ın ev sahibliyi elədiyi konfransa 43 ölkədən 500-dən çox nümayəndə qatılıb.

Bu il oktyabrın 6-7-də təşkil edilən konfransda ExxonMobile, "Gasprom", "Goldman Sach" və başqa beynəlxalq investisiya qurumlarının nümayəndələri çıxış edirlər. Müzakirələr 2014-cü ilin noyabrından sonra neftin qiymətinin ucuzlaşması və onun qlobal iqtisadiyyata təsiri ətrafında təşkil olunub.

Konfransda çıxış edən "Chevron" Afrika və Latın Amerikası Kəşfiyyat və Hasilat Şirkətinin prezidenti Əli Moşiri (Ali Moshiri) deyib ki, neftin bir barelinin qiyməti 40-50 dollar olduğu halda, dərinlik sularının çıxarılması 70-80 dollara başa gəlir.

"Riverstone Holdings"in prezidenti Mark G.Papa isə yanvar ayından etibarən Amerikada neft hasilatının aşağı düşdüyünü qeyd edib: "Yanvar ayından etibarən ABŞ-da neft hasilatı azalaraq günlük 700 min barelə çatıb. Bu da təbii ki, neftin qiymətinin ucuzlaşması ilə əlaqədardır. Hesab edirəm ki, ABŞ-da hasilatın artması üçün neftin bir barelinin qiyməti 80 dollar olmalıdır. ABŞ şist neftinin qiymətinin 75 dollar olması bu gün üçün kifayətdir. 45 dollarlıq hədd çox az, 95 dollar isə çox yüksəkdir".

1980-ci ildən təşkil edilən konfrans hər il neft və qaz sənayesində çalışan yüksək səviyyəli şəxslərin müzakirələrini təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi