Bakı. 13 mart. REPORT.AZ/ Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı” mövzusunda tədbir keçirilib.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) "Report"a verilən məlumata görə, tədbirdə Lordlar Palatasının üzvləri, Britaniyanın enerji və iqlim dəyişmələri naziri, BP və SOCAR-ın nümayəndələri, Azərbaycanın Böyük Britaniyadakı səfiri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Lord Richard Rizbi çıxışında “Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı” tədbirinin gözəl ənənəyə çevrildiyini deyib. Onun sözlərinə görə, bu çərçivədə qarşılıqlı səfərlərin təşkili ölkələrimiz arasında dostluq münasibətlərinə müsbət töhfə verir. Bakıda keçiriləcək ilk Avropa Oyunlarına diqqət çəkən natiq bu tarixi hadisəni Azərbaycanın növbəti uğuru kimi dəyərləndirib və bu Oyunların yüksək səviyyədə baş tutacağına əmin olduğunu deyib.
SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə Azərbaycanın həyata keçirdiyi qlobal layihələr haqqında tədbir iştirakçılarına məlumat verib.
Eyni zamanda, regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və qlobal əhəmiyyət daşıyan TANAP və TAP layihələri haqqında məlumat verən R.Hüseynzadə yaxın günlərdə Türkiyədə layihənin təməlqoyma mərasiminin keçirələcəyini qeyd edib.
BP-nin vitse-prezidenti Yan Suzerland də BP-SOCAR əməkdaşlığının ölkələr arasında dostluq münasibətlərinə müsbət təsirindən danışıb, şirkətlər arasında mövcud münasibətlərin perspektivinə və səmərəli əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib.