Liviya hökuməti neft sənayesindəki itkiləri açıqlayıb

Liviya hökuməti neft sənayesindəki itkiləri açıqlayıb
Energetika
25 Fevral , 2020 16:10
Liviya hökuməti neft sənayesindəki itkiləri açıqlayıb

Liviyada bu ilin 24 yanvar tarixindən sahil neft terminallarının mühasirəsi və neft mədənlərinin bağlanması nəticəsində ölkə 2,1 milyard ABŞ dollarından artıq maliyyə zərərinə məruz qalıb.

“Report” “Al Wasat”a istinadən xəbər verir ki, bu barədə Milli Neft Korporasiyası (NOC) açıqlama verib.

Belə ki, 23 fevral tarixinədək ölkədə gündəlik hasilat 122 min barel səviyyəsində olub.

Bundan əvvəl NOC-dan neft limanlarının açılmayacağı təqdirdə əvvəllər 1,2 milyon barel olan neft hasilatının 72 min barelədək azala biləcəyini bildirmişdilər. Həmçinin NOC-un 19 fevral tarixli açıqlamasında neft sənayesinin bir aylıq fəaliyyətsizliyindən yaranmış məcmu itkilərinin 30 milyon barelə yaxın olduğu göstərilir.

Bununla yanaşı, ölkənin şərq və orta bölgələrinə ehtiyacları ödəyəcək həcmdə yanacaq göndərildiyi halda paytaxt Tripolidə və ətraf ərazilərdə, habelə cənub bölgələrində təhlükəli vəziyyət ucbatından yanacaq qıtlığının hələ də davam etdiyi qeyd olunur.

Xatırladaq ki, yanvarın 18-də ölkənin əsas neft terminallarının “Liviya qurtuluş ordusu”nun nəzarəti altına keçərək bağlanması üzündən NOC müqavilə öhdəliklərini yerinə yetirməməsilə bağlı fors major vəziyyət elan etmişdi. Ertəsi gün ölkənin ən iri Əl Şərəra neft mədəninin və yaxınlıqdakı Əl Feel mədəninin də fəaliyyətdən qalması nəticəsində ölkə gündəlik 400 min barelə yaxın neft hasilatından məhrum oldu və bütün neft sənayesi dayandı.