“Kürovdağ” neft yatağı ARDNF-ə ödənişlərini 2 dəfədən çox artırıb

“Kürovdağ” neft yatağı ARDNF-ə ödənişlərini 2 dəfədən çox artırıb 2020-ci ildə “Kürovdağ” neft yatağı üzrə illik hasilat 0,97 mln barrel səviyyəsində olub
Energetika
10 İyun , 2021 11:32
“Kürovdağ” neft yatağı ARDNF-ə ödənişlərini 2 dəfədən çox artırıb

2020-ci ildə “Kürovdağ” neft yatağı üzrə illik hasilat 0,99 milyon barrel proqnoza qarşı 0,97 milyon barrel səviyyəsində olub.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, bu yataq üzrə hasilat proqnozu 97,59 % icra edilib

Rəydə qeyd edilir ki, bu yataq üzrə daxilolmalar 2 milyon 673 min ABŞ dolları və yaxud proqnozda nəzərdə tutulana (1 milyon 723 min ABŞ dolları) qarşı 55,14 % çox olub.

Təqdim olunan proqnozla müqayisədə Dövlət Neft Fonduna ödənişlərin artması, 2020-ci ilin sonunda neft qiymətlərinin artması ilə əlaqədardır.

Qeyd edək ki, "Kürovdağ" yatağı Bakı şəhərindən 120 km cənub-qərbdə yerləşir, Aşağı Kür neftli-qazlı rayonuna daxildir. Yataq 1 sentyabr 1997-ci ildən müştərək müəssisə ("Shirvanoil"), 5 oktyabr 2009-cu ildən isə əməliyyat şirkəti ("Shirvan Operating Company Limited") tərəfindən istismar edilir.

Xatırladaq ki, 2004-cü ilin sonlarında imzalanan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Böyük Britaniyanın "Caspian Energy Group" şirkəti ikitərəfli razılıq əsasında Azərbaycanın qurudakı "Kürovdağ" neft yatağına daxil olan blokun bərpası, istehsalı və bölünməsi üçün PSA tipli müqavilə 2008-çi ilin martında ləğv edilib. Azərbaycan Parlamenti sənədi qəbul etsə də, "Caspian Energy Group" müqavilə öncəsi bəzi öhdəlikləri yerinə yetirmədi, bundan başqa PSA tipli müqavilənin bəzi şərtləri şirkəti qane etmirdi.

Tərəflər PSA müqaviləsini ləğv etmək və əvvəllər də yataqda fəaliyyət göstərən "Shirvanoil" birgə müəssisəsinin şərtləri daxilində paritet əsaslarla işləri davam etdirmək razılığına gəldilər.

Saziş sahəsi 115 km2 təşkil edir. İstismar başlayandan 1 aprel 2011-ci ilə kimi yataqda 1 153 quyu qazılıb.

Yatağın mərkəzi hissəsi çoxlu palçıq vulkanları ilə mürəkkəbləşib ki, bu vulkanlar vasitəsilə yer səthinə qaz və neft təzahürü qeyd olunur. "Kürovdağ" neft yatağını aşkar edən ilk mərkəzi sahənin 2 saylı kəşfiyyat quyusu 18 iyun 1955-ci ildə Məhsuldar Qatın I horizontundan 31 ton neftlə istismara daxil edilib. Bundan sonra mərkəzi hissədə intensiv surətdə istismar quyularının qazılmasına başlanıb.

Sonradan yatağın şimal-qərb və cənub-şərq hissələrinin neftliliyi aşkar edilib.

Son xəbərlər

Orphus sistemi