Bakı. 28 aprel. REPORT.AZ/ Krımın Simferopol şəhərində azərbaycanlı gənc itkin düşüb.
Onun yaxınlarının "Report"a verdiyi məlumata görə, əslən Azərbaycanın Masallı rayonundan olan, 1985-ci ildə Nijni Novqorodda anadan olmuş, Rusiya vətəndaşı Seyidov Mirdamət Mirqasım oğlu 3 gün əvvəl Odessaya getmək adı ilə evdən çıxıb və ondan sonra onunla əlaqə itib.
Onun atası Mirqasım Seyidov uzun müddət Rusiyanın müxtəlif şəhərlərində bizneslə məşğul olub və 2 ildən çoxdur ailəsi ilə birgə Simferopolda yaşamağa başlayıb.
Ailəsindən bildiriblər ki, M.Seyidov son vaxtlar Ukraynanın digər şəhərlərində yeni dostlar tapdığını, onlarla hansısa işgüzar danışıqlar apardığını deyib. Ailəsi artıq hadisə ilə bağlı Simferopol polisinə müraciət edib, gəncin axtarışları aparılır.