Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub.
Energetika
17 Sentyabr , 2019 15:30
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub. 

"Report" xəbər verir ki, tədbirdə proqram idarəetməsinə uyğun olaraq, icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri müzakirə edilib. Qeyd edək ki, bu yol xəritəsinin həyata keçirilməsi üçün 7 strateji hədəf və 14 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası zamanı bu istiqamətdə mühüm işlər görülüb, kommunal xidmətlər sahəsində aparılan iqtisadi islahatların nəticəsi olaraq əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi, təxminən, 30 faiz olaraq 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Eyni zamanda qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 95,7 faizə çatdırılıb. Ümumi qoyuluş gücü 400 MVt Şimal 2 ES istismara verilib, həmçinin ötən ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında elektrik enerjisinin istehsalı 200 milyon kVts və ya 10,5 faiz artaraq 2,14 milyard kVts elektrik enerjisi istehsal edilib.

Müzakirə zamanı həmçinin bildirilib ki, bu yol xəritəsinin əsas istiqaməti kimi kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi, tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması nəzərdə tutulur. Eyni zamanda səmərəli və effektiv qazpaylama infrastrukturunun inkişafı, yüksək səviyyəli su idarəetmə strukturunun yaradılması, su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi, dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması tədbirləri zəruri addımlar kimi qeyd edilib.

İcraçı qurumlarla mütəşəkkil qaydada aparılan islahatlar nəticəsində 2019-cu ilin yanvar-iyun ayları ərzində “Azərişıq” ASC-yə, “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən vətəndaşların sayında 2018-ci ilin yanvar- iyun ayları ilə müqayisədə 2 dəfədən çox, sahibkarların sayında isə 3 dəfəyə yaxın artım olub. Həmçinin 2019-cu ilin 7 ayı ərzində müraciət edən sahibkarların 2800-nün obyektinə elektrik sayğacı qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur. Bu sahədə islahatlar, Azərbaycanın “Doing Business” hesabatında irəliləməsinə də təsirini göstərməkdədir. Belə ki, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 pillə irəliləyiş olub.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Tarif (qiymət) Şurası, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Neft Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC və “Azərsu” ASC-nin nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi