Kommunal sektor qış mövsümünə necə hazırlaşır? - AÇIQLAMA

Kommunal sektor qış mövsümünə necə hazırlaşır? - AÇIQLAMA Ötən gündən başlayaraq Azərbaycanda temperaturun kəskin aşağı düşməsi və bir sıra ərazilərdə yağış və qarın yağması müşahidə edilir.
Energetika
138
26 Oktyabr , 2021 17:18
Kommunal sektor qış mövsümünə necə hazırlaşır? - AÇIQLAMA

Ötən gündən başlayaraq Azərbaycanda temperaturun kəskin aşağı düşməsi və bir sıra ərazilərdə yağış və qarın yağması müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 25-i günün ikinci yarısından bu gün axşam saatlarına qədər dənizdə Şimal-Qərb-Şimal küləyinin 18-23 m\s, arabir 25-30 m\s, açıq dənizdə 30-32 m/s qədər güclənəcəyi gözlənilir.

Havaların soyuması nəticəsində ölkədə mavi qaza və elektrik enerjisinə olan tələbat kəskin artıb. Bəzi regionlarda isə istehlakçılar "mavi yanacağ"ın təzyiqində azalma müşahidə edildiyini qeyd edirlər.

Məsələ ilə bağlı “Report”un suallarını cavablandıran Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev təmsil etdiyi qurumun qış mövsümünə hazır olduğunu qeyd edib:

“İlk olaraq onu deyim ki, son dövrlər “Azəriqaz”da “payız-qış aylarına hazırlıq dövrü” deyimi aradan çıxarılıb, istifadə edilmir. Birliyimizin rəhbərliyi tərəfindən konkret tapşırıq qoyulub ki, ilin bütün fəsilləri qışa hazırlığa xidmət eləməlidir. Yəni bir ay qalmış soyuqlar düşəcək deyə tez xətləri yoxlamaq artıq geridə qalıb. Qışda "mavi yanacağ"a tələbat daha çox olduğuna və “Azəriqaz”ın davamlı və təhlükəsiz qaz təminatını həyata keçirmək istədiyinə görə ilin bütün fəsillərində qışa hazırlıq prosesi gedir. İlin bütün dövrlərində daşıyıcı boru xətləri, küçə xətləri daim yoxlanılır, korroziya almış xətlər istismardan çıxarılır, onların yenisi ilə əvəz olunması prosesi gedir. Həmçinin korroziyanın qarşısını alınması üçün rənglənmə, təzyiqlərin sabit saxlanması üçün mexanizmlər qurulur, bır sıra ərazilərdə yeraltı xətlərin yerüstü xətlərlə əvəzlənməsi prosesi gedir. Hansı ki, bu boru xətlərinə nəzarət imkanını bir qədər də artırır”.

“Azəriqaz” sözçüsü qış mövsümünün gəlişi ilə əlaqədar qaz təzyiqində müəyyən problemlərin olmasını istisna etmir:

“Düzdür, keçid dövründə qaz təzyiqi ilə bağlı ara-sıra problemlər yarana bilər. Amma bu vətəndaşların müraciəti əsasında, eyni zamanda “Azəriqaz”ın əməkdaşlarının ərazilərdəki müşahidələrinin nəticəsi olaraq o problemlər üzə çıxdıqca dərhal aradan qaldırılır. Onu da əlavə edim ki, bu vaxta qədər qazın həcmi ilə bağlı “Azəriqaz”ın heç bir vaxt problemi olmayıb. Yəni sabah qış rejiminə keçidlə bağlı rəsmi qərar verilsə “Azəriqaz” İB tam heyətlə, istər işçi qüvvəsi ilə, istərsə də maddi-texniki vəziyyətlə qışa hazırlıq prosesini tam həyata keçirir. Qış rejiminə keçidlə bağlı qərar istənilən an icra olunacaq. İstər qazanxanalara qazın verilməsi, hansı ki, onun hesabına binalar istilik sistemi ilə təmin olunur. İstərsə də fərdi abonentlərin davamlı və təhlükəsiz qazla təmin olunmasında heç bir problem yoxdur. Lokal, xırda problemlər ola bilər. Bu təbiidir. Yaxud da insan faktoru hansısa neqativə imkan yarada bilər. Amma ümumilikdə “Azəriqaz” İB qışa tam hazırdır.

Bizim 104185 saylı çağrı mərkəzlərimiz yüksək səviyyədə çalışır. Bu mərkəzlər vasitəsi ilə vətəndaşlar məlumatlandırılır yaxud vətəndaşın qazın təzyiqi ilə bağlı hər hansı problemi yaranırsa bu çağrı mərkəzləri vasitəsi ilə müraciət edirlər və dərhal qeydə alınaraq aidiyyəti qurumlar həmin problemlə dərhal məlumatlandırılır.

Növbəli şəkildə çalışan qəza xidmətimiz var ki, onlar gecə-gündüz çalışır. Təbii ki, soyuq ayların, qış fəslinin yaxınlaşması bizim bu briqadalarımızın daha intensiv, daha mobil çalışması məsələsini gündəmə gətirir. Bununla da bağlı biz artıq işlərimizi qurmuşuq”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev isə bildirib ki, sözçüsü olduğu qurum qış rejiminə hazırlıq üçün müasir innovativ metodlardan istifadə edir:

“Azərişıq” respublika ərazisində qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün genişmiqyaslı tədbirlər həyat keçirib.

Artıq Səhmdar Cəmiyyətdə mövsümi xarakterli işlərin görülməsi tədricən tarixin arxivinə qovuşur. Belə ki, həyata keçirilən yenidənqurma və bərpa işləri müasir metodlarla aparıldığından, bu tədbirlər bütün fəsillər üçün keçərlidir.

Qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər hələ yay aylarında həyata keçirilmişdir.

“Azərişıq” müasir elektrik enerjisi təchizatı sistemlərini elə formalaşdırır ki, təbiət hadisələri, kənar müdaxilə faktorları istehlakçıların fasiləsiz enerji təminatına daha az təsir etsin. Abonentlərimizin hər hansı bir sualı yaranarsa dərhal 199 qısa nömrəsi ilə Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. 24 saat fasiləsiz xidmət göstərən “Qəza Xidməti”nin operativ müdaxiləsi nəticəsində baş verən nasazlıq xarakterinə görə, uyğun qısa vaxt ərzində aradan qaldırılacaq.

Paylayıcı şəbəkələrin yenilənməsi, gücləndirilməsi və müasirləşdirilməsi prioritet hədəflər olmaqla yanaşı, elektrik enerjisi itkilərinin azaldılması da xüsusi diqqətdə saxlanılır”.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına görə, Azərbaycanda qış mövsümünə keçid hər il noyabrın 15-də həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi