Bakı. 4 may. REPORT.AZ/ Kolumbiyanın neft şirkəti “Ecopetrol” ABŞ-ın “Anadarko” şirkəti ilə birgə Karib dənizinin cənub hissəsində təbii qaz yatağı aşkarlayıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu yataq son 28 ildə Kolumbiyada açılan ən böyük yataq hesab olunur.
Kolumbiya Prezidenti Xuan Manuel Santos bildirib ki, yeni yataq onilliklər ərzində ölkənin "mavi yanacaq"la bağlı xaricdən asılı olmamasını təmin edəcək: “Bu, Kolumbiyanın təbii qaz bazarını genişləndirməyə imkan verəcək”.
Bununla belə, dövlət başçısı yatağın ehtiyatlarının həcmini açıqlamayıb. Çünki son qiymətləndirmə üçün əlavə quyunun qazılması tələb olunur. Mütəxəssislər isə hesab edirlər ki, indidən onun ehtiyatlarının böyük olmasından əminliklə danışmaq olar.
X.M.Santos qeyd edib ki, hazırda Karib dənizinin dibində qaz ehtiyatlarnın axtarışı davam edir: “İspaniyanın “Repsol” şirkəti “Ecopetrol” ilə birlikdə dənizin Kolumbiya hissəsində daha bir quyu qazılması ilə məşğuldur. “Ecopetrol” Braziliyanın “Petrobras”, Norveçin “Statoil” və Hindistanın ONGC şirkətləri ilə daha iki quyu qazmağı planlaşdırır".