Kiyev. 10 dekabr. REPORT.AZ/ Kiyevdə vilayət və şəhər administrasiyalarının dəstəyi ilə biznesin inkişafı və təhlükəsizliyi üzrə Kiyev konfransı keçirilib.
"Report"un Ukrayna bürosunun verdiyi məlumata görə, tədbirin tərəfdaşlarından biri qismində "SOCAR Ukraine" şirkəti çıxış edib.
Natiqlər arasında "SOCAR Ukraine" şirkətinin Hüquqi Təminat İdarəsinin rəisi Mixail Tretyakov da olub. O, xarici tərəfdaşlarla əməkdaşlıq zamanı riskləri azaltmağın yollarından, xarici tərəfdaşın etibarlılığının yoxlanılmasının ən effektiv yollarından və xarici ticarət fəaliyyətinin digər aspektlərindən danışıb.
"SOCAR Ukraine" gələcək tərəf müqabillərin ən yaxşı resurslar və məlumatlar bazası əsasında, o cümlədən İnterpol, Avropol, müxtəlif ölkələrin Xarici İşlər Nazirlikləri, müxtəlif məlumat bazaları və s. ilə əməkdaşlıq etməklə yoxlayır. Bizim xarici şirkətlərlə işimiz tam şəffaf, SOCAR-ın bəyan etdiyi prinsip və standartlara uyğun olaraq aparılır", - deyə M.Tretyakov bildirib.
Konfransın təşkilatçısı olan "LipskyMarketingGroup" şirkətinin direktoru Aleksandr Lipski "Report"a açıqlamasında tədbirin tərəfdaşlarından biri kimi "SOCAR Ukraine" şirkətini seçməsinin səbəblərini vurğulayıb.
"Daha əvvəl "SOCAR Ukraine" Korporativ Vəkillər və Maliyyəçilər Klubunun tərfədaşı kimi çıxış edib. Bu şirkət əməkdaşlığa və ünsiyyətə açıqdır. Onlar elmi-praktiki, biznes tədbirlərində fəal iştirak edirlər. Şirkət yaxşı analitik qabiliyyətə, təcrübəli ekspertlərə, peşəkarlara malikdir və onlar digər sahələrdən olan həmkarlarına məsləhətlər verirlər", - deyə A.Lipski bildirib.