“Keystone Pipeline System” boru kəmərinin bir hissəsinin yenidən işə salınması açıqlandıqdan sonra neft qiymətləri 1 %-dək düşüb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin fevral fyuçersləri 0,73 % ucuzlaşaraq 1 bareli 82,1 ABŞ dollarına satılıb. "WTI" markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,89 % düşüb və 1 bareli 76,59 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, cümə axşamı səhər saatlarında neft qiymətləri "TC Energy"nin "Keystone" boru kəmərinin bir hissəsinin yenidən işə salındığını elan etdikdən sonra yüksəldi və bu, bəzi tədarüklərin bərpasına imkan verdi. Əvvəllər neft qiymətləri "Keystone"da sızma səbəbindən nəqlin dayanması nəticəsində yarana biləcək xammal çatışmazlığı qorxusu ilə üç gün ərzində yüksəlmişdi.