Yuxarı
    Bağlamaq

    Kembric Universitetində SOCAR-BP əməkdaşlığının 25 illiyi münasibətilə tədbir keçirilib

    Tədbirin sonunda Böyük Britaniyada çap edilmiş “Azərbaycanı kəşf et” kitabının 2-ci nəşri qonaqlara təqdim edilib

    Bakı. 2 noyabr. REPORT.AZ/ Oktyabrın 30-da Böyük Britaniyanın Kembric Universitetinin Kinq Kollecində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkənin BP şirkəti ilə əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş böyük tədbir keçirilib.

    “Report” bu barədə SOCAR-a istinadən xəbər verir.

    Məlumata görə, tədbirdə SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri, Kembric Universitetinin professorları və digər rəsmi şəxslər iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Lord Devid Evans bildirib ki, BP və SOCAR arasında uzun illərdən bəri davam edən uğurlu əməkdaşlıq ölkələr arasında yüksək səviyyəli əlaqələrin qurulmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, iki ölkə arasında körpü rolunu oynayan bu enerji bağları yalnız neft sektorunun inkişafı ilə məhdudlaşmır, elm və təhsil sahəsində də birgə fəaliyyətə yol açır.

    R.Hüseynzadə isə SOCAR-BP əməkdaşlığı çərçivəsində həyata keçirilmiş uğurlu layihələrdən danışıb, Ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyasının Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəltdiyini qeyd edib: “Bu siyasi xətti inamla davam etdirən Prezident İlham Əliyevin əməli fəaliyyətinin bariz nümunəsi kimi, artıq BP və SOCAR arasında “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb”.

    B.Aslanbəyli isə ötən 25 ildə Azərbaycanda həyata keçirilən uğurlu sosial investisiya layihələrindən danışıb, bu layihələrin təhsil proqramları, icmaların sosial infrastrukturunun təkmilləşdirilməsi, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım və s. məsələləri əhatə etdiyini bildirib.

    Kembric Universitetinin professorları bu cür mötəbər tədbirin məhz təhsil müəssisində təşkil edilməsini yüksək qiymətləndiriblər. Onların sözlərinə görə, neft gəlirlərinin təhsilin inkişafına yönəldilməsi hər iki ölkədə gözəl ənənəyə çevrilib. Bu cür təşəbbüslər birbaşa elmin inkişafına xidmət edir.

    Tədbirin sonunda Lord Evans və Rəfiqə Hüseynzadənin həmmüəllifləri olduğu, Böyük Britaniyada çap edilmiş “Azərbaycanı kəşf et” kitabının 2-ci nəşri qonaqlara təqdim edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi