Yuxarı

Katerina Papaleksandri: “TAP Avropada dekarbonizasiyaya yardım edəcək”

​Katerina Papaleksandri: “TAP Avropada dekarbonizasiyaya yardım edəcək

"Trans-Adriatik Boru Kəməri (TAP) ilə nəql olunacaq təbii qaz dekarbonizasiyaya yardım edəcək, onun təsiri ilk növbədə Cənub-Şərqi Avropa və Qərbi Balkanlarda hiss olunacaq".

“Report” “Independent Balkan” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu TAP-ın Yunanıstan təmsilçisi Katerina Papaleksandri bildirib.

O qeyd edib ki, enerji sektoru elektrik enerjisi istehsalında kömür və linyit kimi ağır yanacaqlardan asılıdır.

“TAP Avropanın az karbonlu iqtisadiyyata keçməsinə yardım edəcək. Bu kəmər enerji təchizatı mənbələrini şaxələndirəcək, Avropada rəqabəti gücləndirəcək və Avropanın qaz bağlantılarını təkmilləşdirəcək. Kömür və odunu əvəz etdiyinə görə təbii qaza tələbatın artacağını gözləyirik",- o əlavə edib.

O qeyd edib ki, TAP-ın Yunanıstan və Albaniya hissəsində işlər yekunlaşır, boruların demək olar ki, hamısı quraşdırılıb: “TAP-ın kompressor və ölçü stansiyalarının, həmçinin İtaliyada qaz qəbulu terminalının inşası tamamlanır".

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə, təxminən, 10,5%-ni qarşılayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi