Yuxarı

​Karbamid Zavodunun potensial alıcıları ilə danışıqlar gələn ilin əvvəlində başlanacaq

Zavod üçün bu il 500 mln. avro məbləğində kredit cəlb edilməsinə dair saziş imzalanacaq

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan Karbamid Zavodunun məhsullarının potensial alıcıları ilə danışıqlara 2017-ci ilin əvvəlindən başlanacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib.

O qeyd edib ki, məhsulların maketinqi və satışı ilə bağlı heç bir problem gözlənilmir: "Karbamid Zavodunda istehsal olunan məhsul yüksək standartlara uyğun olacaq və 50 kq-lıq kisələrdə buraxılacaq. Onun həm yerli fermerlərə, həm də xaricdəki alıcılara çatdırılmasında heç bir məhdudiyyət gözlənilmir. Bu məhsulları rahat şəkildə bazara çıxararaq sata biləcəyik, bu məhsullara tələbat böyükdür. Həm uzunmüddətli müqavilələr, həm də qısamüddətli - birdəfərlik satışlar nəzərdə tutulur".

Direktorun sözlərinə görə, Türkiyə bazarında zavodun ixrac edəcəyi həcmlərdən 3 dəfə artıq tələbat var. "Biz Türkiyə bazarının 1/5, yaxud 1/4 hissəsini əldə edə bilsək, bu karbamidin satışına böyük təkan olacaq", -deyə X.Cəfərov əlavə edib.

O bildirib ki, zavodda il ərzində 650-660 min ton karbamid istehsal olunacaq. "Yerli tələbat təxminən 150-200 min ton civarındadır. İstehsal olunan karbamidin yerli tələbatı tamamilə ödəməsi və məhsulların 2/3 hissəsinin region ölkələrinə, xüsusilə Gürcüstan və Türkiyəyə ixracı planlaşdırılır. Əsas bazar olaraq isə Türkiyə bazarı nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu ilə karbamid nəql ediləcək. Bundan başqa, Qara dəniz limanları vasitəsilə Cənubi Avropaya da ixrac nəzərdə tutulur", - deyə X. Cəfərov qeyd edib.

O, zavodda görülən işlərdən də danışaraq bildirib ki, Karbamid Zavodu layihəsi üzrə işlərin 70%-dən çoxu yerinə yetirilib. Zavod direktorunun sözlərinə görə, mühəndislik işləri 99% tamamlanıb, avadanlıqların 90%-i hazırlanıb və artıq respublikadadır: "Buxar generator sistemində quraşdırma başlanıb. Tikinti işlərinin təxminən 20%-i həyata keçirilib. Svay işləri və fundament işləri demək olar tamamlanıb".

Onun sözlərinə görə, zavodun tikintisinin 2017-ci ilin sentyabr-oktyabr aylarında tamamlanması gözlənilir: "Bundan sonra sazlama işlərinə başlanacaq. Bu işlər tamamlandıqdan sonra 2018-ci ilin əvvəlində istehsalata başlanması gözlənilir".

X.Cəfərov qeyd edib ki, hazırda sahədə 1 800 fəhlə çalışır, onlardan 200 nəfəri xarici ölkə vətəndaşıdır. "Bunlar Koreya və Türkiyənin yerli bazarda olmayan mütəxəssisləridir. Fəhlələrin 80%-i Sumqayıt, qalan hissəsi isə Bakı və Sumqayıt ətrafındandır. Pik vaxtda Karbamid Zavodunda təxminən 2 500 - 2 800 - 3 000 nəfərə qədər fəhlə çalışacaq".

Maliyyələşmə məsələsinə gəlincə isə o qeyd edib ki, layihənin maliyyələşdirilməsi üçün Koreya "EximBank"ı ilə danışıqlar aparılır və keçən həftə bankın nümayəndələri Azərbaycanda səfərdə olublar: "Səfər çərçivəsində Maliyyə Nazirliyində və SOCAR-da müzakirələr aparılıb. Bu ilin avqust-sentyabr ayında layihənin tam maliyyələşdilməsi məsələsi həll olunacaq və müvafiq saziş imzalanacaq".

X.Cəfərov qeyd edib ki, kənar infrastruktur, vergilər, gömrük rüsumları nəzərə alınmaqla, layihənin ümumi dəyəri 900-920 mln. avro təşkil edir. İşlərin gedişatı üçün Koreyanın "Eximbank"ından 100 mln. avro, Alamniyanın "Deutsche Bank"ından isə 50 mln. avro kredit cəlb edilib. Bundan sonra işlərin davam etdirilməsi və tamamlanması üçün 500 mln. avroya qədər dövlət zəmanətli kreditin cəlb edilməsi nəzərdə tutulur", - deyə o əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi