Kanada şirkəti Azərbaycandakı neft yatağından ilk dividendini əldə edib

Kanada şirkəti Azərbaycandakı neft yatağından ilk dividendini əldə edib Xam neft Novorossiysk limanından dünya bazarına çıxarılıb
Energetika
22 Noyabr , 2016 12:00
Kanada şirkəti Azərbaycandakı neft yatağından ilk dividendini əldə edib

Bakı. 22 noyabr. REPORT.AZ/ Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Zərdab-Cəfərli” yataqlarından avqust-sentyabr aylarında hasil olunan "Ural" neftinin satışından ilk iki ödənişi alıb.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd olunub ki, xam neft Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə satılıb və ödəniş İdarə ilə Azərbaycandakı əməliyyatlar üçün yaradılmış “Aran Oil Operating Company” arasındakı sazişə əsasən qəbul edilib.

“Ödənişlər şirkətin gözləntisinə uyğun olaraq “Zenith Aran” şirkətinə oktyabrın 29-da və noyabrın 15-də çatdırılıb. Əlavə xam neft həcmləri “Zenith Aran” tərəfindən beynəlxalq boru kəmərləri şəbəkəsinə çatdırılır. “Zenith Aran” xam nefti Şirvan Neft Terminalından daxildə SOCAR boru kəmərləri şəbəkəsi vasitəsilə, sonra isə “Transneft” vasitəsilə Novorossiysk (Rusiya, Qara dəniz - Bakı-Novorossiysk boru kəməri ilə) limanına çatdırılır. Alternativ olaraq, xam neft Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə Aralıq dənizinə də (Türkiyə) çıxarıla bilər”, - deyə məlumatda qeyd olunub.

"Zenith Aran Oil Company”nin baş icraçı direktoru Andrea Kattaneo Azərbaycanda kommersiya əməliyyatlarının sürətli inkişafından məmnun olduğunu bildirib: “Sevindirici haldır ki, “Muradxanlı” neftindən ilk ödəniş nəzərdə tutulan tarixdən 2 gün öncə qəbul edilib. İkinci ödəniş bu prosesdə bizim inamımızı daha da artırıb. Artıq gündəlik 300 barel hasilatla aylıq ödəniş 360 min dollar təşkil edir. Rəhbərliyin hər zaman bizim alıcımızın - SOCAR-ın Marketinq və İqtisadi Əməliyyalar İdarəsinin keyfiyyət və etibarına inamı olub və bizimlə eyni inamı paylaşması üçün bu nəticələri beynəlxalq investorlara çatdrımaq vacibdir".

Qeyd edək ki, Kanadanın "Zenith Energy Ltd." şirkəti Azərbaycanda "Zenith Aran Oil Company Ltd." müəssisəsini yaradıb. Yataqlar blokunda əməliyyatı “Zenith Aran Oil Company” və SOCAR-ın yaratdığı "Aran Oil" əməliyyat şirkəti aparır.

Bu il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb.

Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Zenith Aran Oil Company”nin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.

Sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Son xəbərlər

Orphus sistemi