Kanadanın neft şirkəti Azərbaycandakı əməliyyatlarına rəhbər təyin edib

Kanadanın neft şirkəti Azərbaycandakı əməliyyatlarına rəhbər təyin edib O, əvvəllər Azərbaycanda çalışıb
Energetika
19 May , 2017 10:26
Kanadanın neft şirkəti Azərbaycandakı əməliyyatlarına rəhbər təyin edib

Bakı. 19 may. REPORT.AZ/ Kanadanın “Zenith Energy” şirkəti Azərbaycandakı əməliyyatlarına (“Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları) rəhbər təyin edib.

“Report” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, Maykl Palmer (Michael Palmer) Azərbaycandakı əməliyyatlar üzrə baş direktor təyin edilib.

Qeyd olunub ki, M.Palmerin neft sənayesində hasilat əməliyyatları, kəşfiyyat və yataqların işlənməsi üzrə 37 illik təcrübəsi var. O, Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya, Ukrayna, Suriya, İndoneziya, Qabon, Qvineya və ABŞ-da çalışıb: “Palmerin ən vacib nailiyyətlərindən biri beynəlxalq neft şirkəti tərəfindən istismar edilən Azərbaycanın quru yatağından birində əməliyyatların uğurlu idarə edilməsi olub. Onun idarəçiliyi altında həmin yataqda əməliyyatlar iqtisadi cəhətdən uğurlu olub və gündəlik hasilat təxminən 1 500 bareldən 7 500 barelə qədər artıb. Bu uğurdan sonra həmin aktiv satılıb və Palmer vəzifəsini tərk edib”.

Şirkətin baş icraçı direktoru Andrea Kattaneo M.Palmerin Azərbaycandakı əməliyyatlar üzrə baş direktror təyinatını elan etməkdən məmnun olduğunu bildirib. Baş icraçı direktor qeyd edib ki, onun neft və qaz əməliyyatlarında xüsusilə də Azərbaycandakı önəmli texniki təcrübəsi “Zenith” üçün böyük fayda gətirəcək: “İnanıram ki, bu təyinat bizim fəaliyyətimizə önəmli təkan verəcək”.

Əməliyyatlar üzrə yeni baş direktor M.Palmer şirkətin Azərbaycandakı aktivlərində böyük potensial gördüyünü bildirib.

Qeyd edək ki, Kanadanın "Zenith Energy Ltd." şirkəti Azərbaycanda "Zenith Aran Oil Company Ltd." müəssisəsini yaradıb. 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən ötən il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Son xəbərlər

Orphus sistemi