Kanada şirkəti Azərbaycanda əməliyyatlar üçün yeni qazma qurğusu alıb

Kanada şirkəti Azərbaycanda əməliyyatlar üçün yeni qazma qurğusu alıb Bakı. 5 sentyabr. REPORT.AZ/ Kanadanın “Zenith Energy” şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokunda qazma işləri həyata keçirmək üçün 2 250,2 min avro dəyərində qazma qurğusu alıb.
Energetika
5 Sentyabr , 2018 17:48
Kanada şirkəti Azərbaycanda əməliyyatlar üçün yeni qazma qurğusu alıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Kanadanın “Zenith Energy” şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokunda qazma işləri həyata keçirmək üçün 2 250,2 min avro dəyərində qazma qurğusu alıb.

“Report” xəbər verir ki, bu barədə Şirkət məlumat yayıb.

Məlumata görə, şirkətin törəmə müəssisəsi - “Zena Drilling Limited” "Robotics" şirkəti tərəfindən hazırlanan BD-260 qazma qurğusunu 2 250,2 min avroya almaq üçün müqavilə imzalayıb.

“Zena” qazma qurğusunu “Muradxanlı-Cəfərli-Zərdab” blokunda quyuların planlaşdırılmış əsaslı təmir və qazma fəaliyyətini növbəti 18 ay müddətində yekunlaşdırmaq məqsədi ilə alıb.

İki şirkət arasındakı sözügedən müqavilə bu il iyunun 6-da BD-260 qazma qurğusunun 6 aylıq icarəsi ilə bağlı müqaviləni əvəz edib.

Yeni müqaviləyə əsasən, “Robotics” ən azı 6 ay müddətində təcrübəli yüksəkixtisaslı mütəxəssisləri təmin edəcək.

Yeni qazma qurğusunun ilk materialları Azərbaycana göndərilmə prosesindədir.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Son xəbərlər

Orphus sistemi