Hazırda təbii qazın qiymətində yaşanan artım Avropa dövlətlərində çaxnaşma və qorxu yaratmaqdadır.
“Report”un məlumatına görə, bu barədə İsveçrənin Lematin.ch internet saytında son zamanlar təbii qazın qiymətində müşahidə olunan artımla bağlı fransiz dilində dərc edilən məqalədə qeyd edilir.
Məqalədə göstərilir ki, ekspertlərin çoxu qiymət artımının səbəbini Asiyadan, xüsusən də Çindən olan tələbatı qeyd edir. Eyni zamanda bildirilir ki, daş kömürün alınmasını məhdudlaşdıran ekoloji məhdudiyyətlər, həqiqətən də ciddi enerji çatışmazlığına, bəzi fabriklərin iş həcminin azaldılmağına və qış mövsümü öncəsi olan Avropa üçün ən pis anda qaza olan tələbatın kəskin dəyişməsinə səbəb olmuşdur.
Məqalədə vurğulanır ki, yaranmış vəziyyətlə bağlı Avropa ölkələrində acınacaqlı vəziyyət müşahidə olunur: “Belə ki, idarəolunmayan qiymət artımı ilə üzləşən siyasətçilər, istehlakçıları sakitləşdirmək və təbii qazın qiymətində olan kəskin artımı məhdudlaşdırmaq üçün reaksiya verməyə çalışırlar. Məsələn, Fransanın Baş naziri Jan Kasteks (Jean Castex) , 2022-ci ildə dünyada qaz qiymətlərinin düşmədiyi halda lazım gələrsə maliyyə rıçaqları üzərində hərəkət edəcəyinə dair söz verib”.
Yazıda qeyd edilir ki, Fransa İspaniya, Çexiya, Yunanıstan və Rumıniya ilə birlikdə Avropada yaşanan bu çaxnaşmanın qarşısını almaq üçün "ümumi bir yanaşma" qəbul edilməli olduğunu bildirib: “İngiltərədə isə fiziki şəxslər üçün qaz qiyməti həddi 12 % qaldırılıb. İngiltərə hökuməti aztəminatlı ailələrin hesablarının ödənilməsi üçün 500 milyon funt sterlinq həcmində bir fond yaradıb”.
Məqalədə bu ilin 6 oktyabr tarixində Avropa İttifaqının Bakıdakı yeni səfirinin etimadnamələrini təqdim olunma mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə istinad edilərək Azərbaycanın Avropaya təbii qaz tədarükünü artırmağa hazır olduğu bildirilir. Müəllif yazır ki, Azərbaycan qazının Avropaya çatdırılması dekabrın sonunda nəhəng “Şahdəniz” yatağından, Gürcüstan və Türkiyənin ərazisindən keçən Cənubi Avropa qaz dəhlizi vasitəsilə başlayıb. Bu sxem avropalılara tədarükü diversifikasiya etmək və onların Rusiya qazından asılılığını azaltmaq məqsədi daşıyır.