IEA: Neftin bahalaşması dünyada iqtisadiyyatın dirçəlməsini ləngidə bilər

IEA: Neftin bahalaşması dünyada iqtisadiyyatın dirçəlməsini ləngidə bilər Dünya bazarında neft qiymətlərinin yüksəlməsi enerjidəki əvəzlənməni tezləşdirə, eyni zamanda inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın dirçəlməsini ləngidə bilər.
Energetika
13 İyul , 2021 19:21
IEA: Neftin bahalaşması dünyada iqtisadiyyatın dirçəlməsini ləngidə bilər

Dünya bazarında neft qiymətlərinin yüksəlməsi enerjidəki əvəzlənməni tezləşdirə, eyni zamanda inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın dirçəlməsini ləngidə bilər.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin növbəti aylıq hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, OPEC+ formatı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin əlavə tələblər irəli sürməsi, bu ilin avqust ayından etibarən hasilatı artırmaqla bağlı razılaşma əldə edilməməsi nəticəsində “Brent” markalı neftin 1 bareli təxminən 75 dollara satılır.

Hesabat müəlliflərinə görə, koronavirusun (COVID-19) “Delta” ştammının qarşıdakı dövrlərdə yayılması nəticəsində neft bazarında qiymətlərin necə dəyişəcəyi müəmmalıdır. OPEC+ çərçivəsində razılaşmalarla bağlı vəziyyət isə mürəkkəb olacaq, çünki bazarda tələbat ötən il azaldıqdan sonra yenidən artmağa doğru gedir: “Neftə tələbatı ödəmək üçün emal müəssisələri fəaliyyətini artırır. Odur ki, 2021-ci ilin III rübündə neft ehtiyatlarının azı son 10 il üzrə ən çox tükənməsinə şahid ola bilərik. Üstəlik gediş-gəlişlə bağlı məhdudiyyətlərin ləğv olunması sürücülərin kütləvi şəkildə yollara çıxmasına gətirib çıxarıb. Belə ki, ABŞ-da son həftələrin səyahət halları pandemiyadan əvvəlkinə nisbətən xeyli çoxdur”.

Sənəddə həmçinin deyilir ki, OPEC+ çərçivəsində hasilat siyasətinə dair aydınlıq yaranana qədər bazarda dalğalanmalar davam edəcək ki, nəticədə enerjidəki əvəzlənmənin nizamlı və təhlükəsiz olacağı ağlabatan görünmür. Çünki bu, nə istehsalçılara, nə də istehlakçılara sərf edir.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC+ formatının iştirakçısı olan 23 ölkə gündəlik hasilatı tədricən 1,15 milyon barel artırmaq barədə razılaşıb. O cümlədən may – iyun aylarında hasilat 350 min barel, iyul ayında da 450 min barel artırılmalıdır.

Son xəbərlər

Orphus sistemi