Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını və tədarükünü azaltmaq qərarının ilin sonuna qədər uzadılması dördüncü rübdə dünya bazarında əhəmiyyətli kəsirin yaranmasına səbəb olacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) sentyabr hesabatında deyilir.
IEA qeyd edir ki, Səudiyyə-Rusiya alyansı neft bazarları üçün ciddi çağırışdır:
“Avqust ayında neft qiymətləri nisbətən sabitləşsə də, bununla belə volatillik uzun müddət ərzində minimum səviyyədə olsa da, Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatını və tədarük ixtisarını ilin sonuna qədər ümumilikdə 1,3 milyon barel uzatmaq qərarı qiymət artımına səbəb olub. "North Sea Dated" ("Brent" markalı) neftin bir barelinin qiyməti 90 ABŞ dollarından yuxarı 10 ayın maksimumuna çatıb".
Sentyabrın əvvəlində Rusiya neft tədarükünün sutkada 300 min barel, Səudiyyə Ərəbistanı isə könüllü şəkildə sutkada 1 milyon barel azaldılmasını ilin sonuna qədər uzadıb.