Yuxarı
    Bağlamaq

    İtaliyalı nazir: “Azərbaycan qazının Avropa bazarlarına çatdırılması üçün hökumət səviyyəsində dəstək veriləcək”

    Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında İtaliyanın fəal iştirakını yüksək qiymətləndirir

    Bakı. 8 noyabr. REPORT.AZ/ İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Energetika Nazirliyində olub. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Energetika naziri Natiq Əliyevin rəhbərliyi, SOCAR, Kənd Təsərrüfatı, Müdafiə, Müdafiə Sənayesi, Nəqliyyat, Fövqəladə Hallar nazirliklərini, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Dövlət Sərhəd Xidmətini təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən görüşdə Azərbaycan-İtaliya əməkdaşlığının hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib.

    Görüşdə italiyalı naziri iyunun 13-də Roma şəhərində keçirilmiş Azərbaycan-İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasından irəli gələn məsələlərin müzakirəsi məqsədilə “Maire Tecnimont”, “Saipem”, “SNAM”, “Tenaris”, “Enerco S.p.A”, “ENİ”, “Tecnip”, “DBA Group”, “Lighthouse” ,”Valvitalia” və CNH şirkətlərinin, eləcə də TAP konsorsiumunun İtaliya üzrə nümayəndəsi müşayiət edib.

    Azərbaycanın İtaliya ilə bir çox sahələrdə, xüsusilə enerji sektorunda uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən N.Əliyev belə geniş tərkibdə baş tutan bu səfərin münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

    Nazir Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini İtaliya ilə enerji əməkdaşlığının prioriteti kimi səciyyələndirərək, layihənin reallaşdırılması ilə bağlı ortaya çıxan çətinliklərin hökumətlərin dəstəyi ilə yoluna qoyulduğunu və vəziyyətin daim nəzarətdə saxlandığını diqqətə çatdırıb.

    Azərbaycanlı nazir Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında İtaliyanın fəal iştirakını yüksək qiymətləndirib. Gələn ilin fevral ayında keçiriləcək növbəti iclasın Cənub Qaz Dəhlizi layihəsinin vaxtında yekunlaşması üçün tərəflərin səylərinin əlaqələndirilməsinə fayda verəcəyini qeyd edib.

    İtaliyanın Azərbaycanla birgə həyata keçirilən enerji layihələrində səmərəli iştirakından bəhs edən nazir P.Centiloni İtaliya şirkətlərinin neft-qaz, emal və neft-kimya sənayesində uğurla təmsil olunduqlarını və fəaliyyət sferalarının genişləndirilməsi üçün mövcud potensialın dəyərləndirilməsinin vacibliyini bildirib. İtaliyalı nazir ölkəsinin TAP-la bağlı mühüm öhdəlik götürdüyünü deyərək, Azərbaycan təbii qazının 2020-ci ildə Avropa bazarlarına çatdırılması üçün hökumət səviyyəsində dəstək veriləcəyini vəd edib.

    Sonra İtaliya şirkətləri fəaliyyət istiqamətləri üzrə əməkdaşlığa dair məlumat verərək, həyata keçirilən layihələrin icra vəziyyəti və yeni planlar barədə fikirlərini bölüşüblər. Bildirilib ki, “Maire Tecnimont” şirkəti ilə “SOCAR Polymer” şirkəti arasında imzalanmış müqavilə çərçivəsində yüksək sıxlıqlı polipropilen və polietilen istehsal edən zavodun inşası layihəsi uğurla həyata keçirilir. 180 min ton polipropilen və 120 min ton polietilen istehsal edəcək zavodun inşasının 2018-ci ilin sonunda başa çatdırılması planlaşdırılır. “Tecnip” şirkətinin Qaradağ rayonunda qazın emalı üzrə zavodun inşası layihəsində podratçı seçildiyi və zavodun 2021-ci ildə təhvil verilməsinin nəzərdə tutulduğu qeyd edilib.

    Tədbirin sonunda energetika naziri N.Əliyev Azərbaycanda qeyri-neft sektorun inkişafının iqtisadi siyasətin prioritetlərindən olduğunu bildirib. İtaliya şirkətlərini yeni texnologiya və təcrübələrini tətbiq edərək bu sahə üzrə əməkdaşlığa iştiraka dəvət edib. Nazir həmçinin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat-enerji dəhlizlərinin yaradılmasında Azərbaycanın rolunu xüsusi qeyd edərək, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının üstünlüklərindən yararlanmağı da tövsiyə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi