Bakı. 30 oktyabr. REPORT.AZ/ "İtaliya Transadriatik Qaz Boru Kəməri (TAP) layihəsi ilə təbii qazın idxalı üçün əlavə kanal əldə edir. Bu da tədarük xətlərinin və mənbələrinin şaxələndirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin güclənməsi deməkdir. Bunun nəticəsində ölkənin enerji bazarında rəqabət artacaq və ehtimal ki, istehlakçı qiymətləri aşağı düşəcək".
Bu fikirləri “Report”a Venesiyanın Ka Foskari Universitetinin professoru Karlo Frappi deyib.
“Daha geniş mənada Transadriatik dəhlizinin açılması İtaliyanın enerji siyasətində çoxdandır qarşıya qoyulan strateji məqsədə çatmaq imkanı yaradır. Bu da yarımadanın coğrafi mövqeyini və şaxələndirilmiş tədarüklə bağlı milli siyasətlərdən Aralıq dənizinin tam qəlbində təbii qaz qovşağı mövqeyini gücləndirmək üçün yararlanmaqdan ibarətdir”, - deyə ekspert qeyd edib.
Bu layihənin Azərbaycan üçün də üstün cəhətlərinə toxunan ekspert TAP-ın həyata keçirilməsi nəticəsində həm böyük iqtisadi gəlir əldə olunacağını, həm də ölkənin təhlükəsizlik tədarükçüsü rolunu gücləndirməklə dünya siyasətindəki nüfuzunu daha da artıracağını diqqətə çatdırıb.
Venesiyanın Ka Foskari Universitetinin elmi işçisi, professor Karlo Frappi
“Transadriatik dəhlizinin açılması İtaliyanın enerji siyasətində çoxdandır qarşıya qoyulan strateji məqsədə çatmaq imkanı yaradır. Bu da yarımadanın coğrafi mövqeyini və şaxələndirilmiş tədarüklə bağlı milli siyasətlərdən Aralıq dənizinin tam qəlbində təbii qaz qovşağı mövqeyini gücləndirmək üçün yararlanmaqdan ibarətdir”
Karlo FrappiКарло Фраппи, профессор Университета Ка-Фоскари, Венеция
Bununla yanaşı, K.Frappi xüsusilə strateji əhəmiyyətli qaz sektorundakı enerji əməkdaşlığının dövlət qurumları arasında siyasi maraqların və qarşılıqlı asılılığın artmasına gətirib çıxardığını vurğulayıb: “Layihədə iştirakdan doğan iqtisadi faydalardan başqa, bu layihə öz-özlüyündə iştirakçı ölkələrin mənafelərini yaxınlaşdırmaqla Xəzərdən Adriatik dənizinədək bütün kəmər boyu yerləşən ölkələr arasında münasibətləri gücləndirəcək”.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP vasitəsilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin mərəhələdə ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində Transanadolu boru kəmərinə (TANAP) qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
İlk Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı gözlənilir.