İtaliya məhkəməsi TAP üzrə işlərin bərpasına qərar verib

İtaliya məhkəməsi TAP üzrə işlərin bərpasına qərar verib Məhkəmə zeytun ağaclarının köçürülməsi prosesinin dayandırılması ilə bağlı qərarı ləğv edib
Energetika
20 Aprel , 2017 18:54
İtaliya məhkəməsi TAP üzrə işlərin bərpasına qərar verib

Bakı. 20 aprel.REPORT.AZ/ İtaliya məhkəməsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin (TAP) İtaliya hissəsinin tikintisi üçün marşrut üzərindəki zeytun ağaclarının köçürülməsi prosesinin dayandırılması ilə bağlı Latsio vilayəti məhkəməsinin qərarını ləğv edib.

“Report” "Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə vəkil Mariano Alterio bildirib.

Bu qərar İtaliyada TAP üzrə işlərin yenidən başlamasına yol açır.

TAP konsorsiumunun İtaliya üzrə sözçüsü də məhkəmənin boru kəməri üzrə işlərə yenidən başlamaq barədə qərar verdiyini təsdiqləyib.

Qeyd edək ki, bu il aprelin 6-da Latsio vilayəti məhkəməsi TAP-ın tikintisi üçün İtaliya Ekologiya Nazirliyinin Apuliya regionunun Melendunyo şəhərində boru kəmərinin marşrutu üzərindəki zeytun ağaclarının köçürülməsi ilə bağlı qərarını ləğv edib. Bundan sonra zeytun ağaclarının köçürülməsi işləri dayandırılıb.

Xatırladaq ki, bu il martın 27-də İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr "mavi yanacaq" Avropaya çatdırılacaq. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi