Azərbaycanda isti su xidməti tarifləri liberallaşdırılacaq

Azərbaycanda isti su xidməti tarifləri liberallaşdırılacaq İstilik xidməti üzrə büdcə təşkilatları üçün nəzərdə tutulan limitlərin optimallaşdırılması nəzərdən keçiriləcək
Energetika
29 Dekabr , 2016 11:53
Azərbaycanda isti su xidməti tarifləri liberallaşdırılacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanda isti su xidmətinin əhatə dairəsinin kiçik olduğunu, eləcə də Azərbaycan kimi mülayim iqlim şəraitinə malik ölkələrdə (Türkiyə, Gürcüstan və s.) isti su xidmətinin mərkəzləşmiş qaydada verilməsinin məqbul hesab olunmadığını nəzərə alaraq, isti su sahəsində bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, xidmət səviyyəsinin yüksəldilməsi və müəssisənin təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması məqsədilə isti su xidmətinin liberallaşdırılması istiqamətində tədbirlər görüləcək.

"Report" bu barədə Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinə istinadən xəbər verir. 

"Mövcud qanunvericilikdə magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla, istehsal məqsədləri üçün təbii qaz istehlak edən (aylıq istehlak həcmi 10 mln. kubmetrdən az olmamaq şərtilə) müəssisələrə təbii qaz satışı üzrə müəyyən güzəştlərin tətbiq edildiyini nəzərə alaraq, orta aylıq sərfiyyatı 14,5 mln. kubmetrdən artıq olan "Azəristiliktəchizat" ASC-nin də bu güzəştdən yararlanmaq imkanları nəzərdən keçiriləcək".

Bundan başqa, istilik xidməti üzrə büdcə təşkilatları üçün nəzərdə tutulan limitlərin optimallaşdırılması, istilik haqlarının ödənişi məqsədilə büdcə təşkilatları üçün onların tələbatlarına uyğun limitlərin dəqiq müəyyən olunması və icra edilməsi məsələləri nəzərdən keçiriləcək.

Bildirilir ki, istilik təchizatı sistemlərində mövcud problemlərin həlli ilə bağlı müəyyən edilən prioritetlərin həyata keçirilməsi nəticəsində istilik təsərrüfatlarının gəlirlərinin, ümumilikdə, 5,1 mln. manat (istilik haqlarının ödənişi məqsədilə büdcə təşkilatları üçün müəyyən edilmiş limitlərin tələb olunan faktiki tələbata uyğunlaşdırılması ilə bağlı 3,4 mln. manat; əhali istehlakçı qrupu üzrə istilik tarifinin yaşayış sahəsinə görə deyil, isidilən mənzillərin ümumi sahəsinə görə müəyyən edilməsi ilə bağlı 1,7 mln. manat) artması proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi