Yuxarı

İsrail qazının Türkiyədən Avropaya nəqli üçün konsorsium yaradılacaq

İsrail qazı artıq 2021-ci ildə Türkiyəyə çatdırıla bilər

Bakı. 7 aprel. REPORT.AZ/ İsrail qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün yaradılması planlaşdırılan konsorsiuma ən azı 15 enerji şirkəti qoşulmaq istəyir. "Report"un "Daily Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu "Turcas" şirkətinin baş icraçı direktoru Batu Aksoy bildirib.

B.Aksoy qeyd edib ki, ilk İsrail qazı Türkiyəyə qarşıdakı 5 il ərzində çatdırıla bilər: "Biz İsrail qazının Türkiyə üzərindən Avropaya nəqli üçün alıcı konsorsium yaratmağı planlaşdırırıq. Bu plana görə, konsorsiumun hər üzv şirkəti müəyyən miqdarda qaz alacaq. İndiyədək ən azı 15 şirkət bu konsorsiumda iştirak üçün müraciət edib".

B.Aksoy əlavə edib ki, bir şirkətlə belə böyük həcmdə ixracın öhdəsindən gəlmək mümkün deyil: "İllik 8 mlrd. kubmetr həcmində İsrail qazı etibarlı tərəfdaşların riskləri paylaşması ilə qəbul edilə bilər. Bizimlə əlaqədə olan konsorsiumun potensial tərəfdaşları bu sahənin aktiv oyunçularındandır".

O, həmçinin qeyd edib ki, İsrail qazı ilə bağlı Türkiyə-İsrail, İsrail-Kipr və Kipr-Türkiyə arasında qarşılıqlı bir neçə razılıq tələb oluna bilər: "Uzunmüddətli regional problemlərin həll edilməsində planlaşdırılan bu boru kəməri ciddi rol oynaya bilər. Əgər tərəflər istəsə və tələb olunan siyasi şərait yaradılarsa, İsrail qazı Türkiyəyə 2021-ci ildə çatdırıla bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi