Bakı. 17 dekabr. REPORT.AZ/ İsrail Kipr üzərindən Yunanıstan və İtaliyaya qaz boru kəmərinin inşası layihəsinin təsdiqlənməsi ilə bağlı Avropa İttifaqına təzyiq edir. "Report" xəbər verir ki, bu barədə "Israil Times" nəşri məlumat yayıb.
"EastMed" adlı bu boru xətti İsrailin Aralıq dənizindəki "Tamar" və "Leviafan" yataqlarından çıxarılan təbii qazın Cənubi Avropaya daşınması üçün nəzərdə tutulub. İsrail reallaşdırmaq istədiyi bu layihənin Avropanı Rusiyanın qaz asılılığından xilas edəcəyini və daha çox Yunanıstan və İtaliyanın bu kəmərə ehtiyacı olduğunu deyir.
Artıq Kiprin energetika naziri Yorqos Lakkotripis (Yorgos Lakkotrypis) və onun yunanıstanlı həmkarı Yannis Maniyatis (Yannis Maniatis) rəsmi Tel-Əvivin bu təklifini qəbul edib.
Açıqlanan ilkin məlumatlara görə, bu boru kəmərinin illik nəqletmə gücü 8-12 mlrd. kubmetr olacaq.