I rübdə Səngəçal terminalından “Şahdəniz” qazının ixracı artıb

I rübdə Səngəçal terminalından “Şahdəniz” qazının ixracı artıb Bu ilin birinci rübü ərzində terminal təqribən 60 mln bareldən çox neft və kondensat ixrac edib
Energetika
29 Aprel , 2021 15:45
I rübdə Səngəçal terminalından “Şahdəniz” qazının ixracı artıb

Bu ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2021-ci ilin birinci rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu ilin birinci rübü ərzində terminal təqribən 60 mln bareldən çox neft və kondensat ixrac edib ki, bu 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 6 mln və ya 9,09 % azdır.

Rüb ərzində o cümlədən 52 mln barelə yaxın Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da ötən ilin ilk üç ayı ilə müqayisədə 6 mln barel və ya 10,34 % azdır.

Bu ilin birinci rübündə 8 mln bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə eynidir.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 56 mln kubmetrdən çox (təqribən 1 mlrd 987 mln kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 5 mln kubmetrdən (təqribən 187 mln kubfutdan çox) çoxdur.

Qeyd edək ki, neft və qaz Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln barel neft və “Şahdəniz” qazı üçün təqribən 85 mln standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 mln standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Son xəbərlər

Orphus sistemi