I rübdə AÇG-dən hasilat azalıb

I rübdə AÇG-dən hasilat azalıb Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda sabit hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
Energetika
12 May , 2020 11:03
I rübdə AÇG-dən hasilat azalıb

Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda sabit hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Rüb üçün “Çıraq” platformasından 39 min barel, “Mərkəzi Azəri” platformasından 136 min barel, “Qərbi Azəri” platformasından 125 min barel, “Şərqi Azəri” platformasından 78 min barel, “Dərinsulu Günəşli” platformasından 95 min barel və “Qərbi Çıraq” platformasından 51 min barel olmaqla birlikdə hasilat gündə orta hesabla 524 min barel və ya ümumilikdə təxminən 48 milyon barel, yəni 6,4 milyon tondan artıq olub.

Bu ilin I rübündə AÇG-dən hasilatın həcmi ötən ilin müvafiq dövründən 8% azdır.

Rübün sonunda AÇG-də ümumilikdə 129 neft hasilat quyusu, 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Bildirilib ki, rüb ərzində AÇG-də 4 neft hasilat quyusu qazılıb.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 faiz), SOCAR (25,0 faiz), “MOL Group” (9,57% 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz) pay sahibidir.

AÇG-də ötən il gündəlik hasilatın həcmi 535 min barel təşkil edib.

İngilis versiyası ACG reduces production in Q1

Son xəbərlər

Orphus sistemi