Yuxarı

​İran neftin məqbul qiymətini açıqlayıb

Reuters və Citigroup isə neft hasilatçısı olan ölkələr üçün neftin minimal məqbul qiymətlərini hesablayıb

Bakı. 8 may. REPORT.AZ/ Dünya neft bazarında qiymətin məqbul səviyyəsi 70-75 dollar/bareldir. "Report" xəbər verir ki, bunu İranın neft naziri Bican Namdar Zənganeh söyləyib. Eyni zamanda, OPEC üzvü olan ölkələrin bazarda paylarını qoruması üçün neftin 45-55 dollar/barel olması zəruridir: "Heç kim neftin cari, qeyri-sabit və dəyişkən qiyməti ilə razı deyil".

"Credit Agricole" bankının konsaltinq bölməsinin rəhbəri Devis Holl isə qeyd edib ki, OPEC ölkələrinin bazar paylarını qoruması üçün neftin qiymətinin 45-55 dollar/barel olması lazımdır: "Buna görə də qiymətlər daha 12 ay ərzində aşağı səviyyədə qalmalıdır".

B.Zənganehin sözlərinə görə, bir il ərzində İran gündəlik neft hasilatını 4 mln. barelə çatdıraraq OPEC ölkələri arasında ikinci sıraya yüksələ bilər. Apreldə İran orta hesabla gündə 2,78 mln. barel həcmində hasilatla 5-ci yerdə olub. Nazirin sözlərinə görə, İranın neft hasilatı sanksiyaların tətbiqindən sonra 60% azalıb. Hazırda bu sahənin investisiya tələbatı 200 mlrd.dollara bərabərdir.

Qeyd edək ki, İran nüvə proqramı ilə əlaqədar 6-lıq ölkələri ilə razılaşmanı iyunun 30-dək əldə etmək niyyətindədir.

B.Zənganeh İranın neft hasilatını artıracağı ilə bağlı OPEC-ə xəbər göndərib. O, ölkəsinin Asiyanı əsas satış bazarı kimi gördüyünü, həmçinin Avropa bazarına baxacağını söyləyib.

D.Holl isə OPEC-in iyunun 5-də keçiriləcək növbəti sammitində Səudiyyə Ərəbistanının hasilatı azaltmayacağı barədə məlumat verəcəyini bildirib. Bu səbəbdən İranın hasilatı artırması ilə neftin qiymətinin uzunmüddətli perspektivdə aşağı səviyyədə qalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, "Reuters" və "Citigroup" bir sıra neft hasilatçısı ölkələrinin büdcə kəsiri ilə üzləşməmək üçün neftin minimal məqbul qiymətlərini hesablayıb:

Ölkələr Məqbul minimal qiymət (USD/barel)
Yəmən 214
Liviya 184
Venesuela 161
Bəhreyn 132
İran 130
İraq 114
Əlcəzair 113
Rusiya 105
Səudiyyə Ərəbistanı 89
Oman 82
BƏƏ 74
Qətər 71
Küveyt 44
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi