Yuxarı
    Bağlamaq

    İlham Əliyev: “TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir”

    Bunun arxasında böyük pullar dayanır

    Bakı. 26 may. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin icrası planlaşdırıldığından 3% geridədir.

    “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbul deyib.

    “Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. “Şahdəniz-2” layihəsinin icrası 93%-ə çatıbdır. İkinci layihə Cənubi Qafqaz kəməridir. Orada icra səviyyəsi 85%-dir. Üçüncü layihə Trans-Anadolu neft kəməri – TANAP-dır. Burada işlərin 72%-nin görülməsi təmin edilib. Dördüncü layihə TAP-dır. Orada isə icra səviyyəsi 42%-dir. Plana görə bu günə 45 faiz olmalı idi. Yəni ki, o səviyyəyə yaxındır. Mən bunu xüsusilə vurğulamaq istəyirəm. Çünki Azərbaycan ictimaiyyəti bilir ki, TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir, qruplar təşkil olunur, ekoloji məsələlər bəhanə kimi ortalığa atılır”, - deyə dövlət başçısı qeyd edib.

    Onun sözlərinə görə, bunun arxasında böyük pullar dayanır: “O qruplar süni şəkildə, heç bir əsası olmadan təşkil edilir. Amma aydındır nə üçün, bu layihəni dayandırmaq, yaxud da ki, ləngitmək üçün. Bütün bunlara baxmayaraq, TAP layihəsinin icrası plandan cəmi 3% geridədir. Ona görə, əminəm ki, bu layihənin icrasında da heç bir problem olmayacaq”.

    İ.Əliyev həmçinin qeyd edib ki, Azərbaycanın bu gün üzərində işlədiyi böyük nəqliyyat layihələri - Bakı-Tbilisi-Qars və Şimal-Cənubla bağlı vəzifələr tam icra edilib: “İndi əlbəttə ki, tərəfdaş ölkələrdə bu işlərin sürətləndirilməsi prosesi gedir. Biz də gələcəkdə bu işlərdə iştirak edə bilərik. Belə olan halda indi əsas böyük nəqliyyat layihələri arasında prioritet Ələt Beynəlxalq Dəniz Limanının tikintisinin başa çatdırılmasıdır və bunun üçün lazımi vəsait ayrılıb. Əminəm ki, bundan sonra bir il ərzində, yəni, hesab edirəm, gələn ilin yayına qədər liman istifadəyə veriləcək. Bu, Xəzər dənizində ən böyük liman olacaq və bizim nəqliyyat imkanlarımızı böyük dərəcədə artıracaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi