Bakı. 10 yanvar. REPORT.AZ/ Bank və maliyyə xidmətləri şirkəti olan HSBC əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Petrokimya Holding A.Ş” üçün hədəf qiymətini artırıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, şirkət “Petkim”in səhmlərinin hədəf qiymətini 3,5 Türkiyə lirəsindən (TRY) 3,75 TRY-ə yüksəldib (7,14% artım).
Qeyd edək ki, "Petkim Holding" 1951-ci ildə 250 mln. TRY sərmayəsi ilə qurulub. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda "Petkim"in əsas səhmdarı SOCAR olub. Petkim Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili, bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır.
"Petkim" Türkiyənin ilk və yeganə yerli neft-kimya məhsul istehsalçısı olaraq, daxili bazarda təxminən 20%-lik paya malikdir.