Hindistan şirkətləri Azərbaycanın energetika və neft-kimya layihələrində iştirak etmək niyyətindədir

Hindistan şirkətləri Azərbaycanın energetika və neft-kimya layihələrində iştirak etmək niyyətindədir Bakı. 19 aprel. REPORT.AZ/ Hindistan şirkətləri Azərbaycanın energetika və neft-kimya sahələrində apstrim və daunstrim layihələrində iştirak etməkdə maraqlıdırlar.
Energetika
19 Aprel , 2018 13:54
Hindistan şirkətləri Azərbaycanın energetika və neft-kimya layihələrində iştirak etmək niyyətindədir
Energetika naziri Pərviz Şahbazov / Report/ Firi Salim

Bakı. 19 aprel. REPORT.AZ/ Hindistan şirkətləri Azərbaycanın energetika və neft-kimya sahələrində apstrim və daunstrim layihələrində iştirak etməkdə maraqlıdırlar.

Hindistanın Azərbaycandakı Səfirliyindən “Report”a verilən məlumata görə, bunu səfir Sanjay Rana Energetika Naziri Pərviz Şahbazovla görüşdə bildirib. Görüşdə iki ölkə arasında enerji sahəsində, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Səfir qeyd edib ki, Hindistan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində Hindistanın “ONGC Videsh Ltd” neft şirkətinin iştirakından məmnundur.Nazir Hindistan şirkətlərinin Azərbaycandakı layihələrə marağını alqışladığını bildirib. O, həmçinin Hindistan şirkətlərini bərpa olunan enerji layihələrinə, xüsusilə Azərbaycanda külək və günəş enerjisinə investisiya yatırmağı nəzərdən keçirməyə dəvət edib və hökumətin bu sahədə yerli və xarici investorların iştirakını asanlaşdırmaq üçün yeni qaydalar hazırladığını qeyd edib.

Səfir Hindistanın bilik və bacarıqların artırılması sahəsində Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) ilə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu və ABOEMDA-nin bir çox əməkdaşlarının Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində Hindistanda keçirilən təlim kurslarında iştirak etdiklərini qeyd edib. Hindistan və Azərbaycan gələcək illərdə iki ölkə arasında ticarət və investisiya üçün daha çox imkanlar yaradacaq Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafında tərəfdaşlıq edirlər. Qeyd olunub ki, 2015-ci ilin noyabr ayında Hindistan, Fransa və Birləşmiş Millətlər Təşkilatı tərəfindən iki tropik qurşaq arasında yerləşən günəş işığı ilə zəngin ölkələrin birliyi olan və bu ölkələrin enerji ehtiyaclarının həlli yollarının birgə tapılması, birgə səylər vasitəsilə günəş enerjisinin istifadəsinin genişləndirmsi və iş yerlərinin yaradılması məqsədilə Beynəlxalq Günəş İttifaqı (BGA) təşkil olunub. 2018-ci ilin mart ayında Nyu Dehlidə BGA-nın Təsis Sammitinə ev sahibliyi edən Hindistan iki tropik qurşaq arasında yerləşməyən, lakin zəngin günəş işığına malik olan Azərbaycanı İttifaqa tərəfdaş ölkə kimi qoşulmağa dəvət edib. 

Son xəbərlər

Orphus sistemi