Hindistan Azərbaycanla enerji əməkdaşlığı üzrə danışıqlar aparacaq

Hindistan Azərbaycanla enerji əməkdaşlığı üzrə danışıqlar aparacaq Hindistanın Energetika Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti növbəti həftə Azərbaycanla əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün Bakıya səfər edəcək.
Energetika
25 May , 2022 19:51
Hindistan Azərbaycanla enerji əməkdaşlığı üzrə danışıqlar aparacaq

Hindistanın Energetika Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti növbəti həftə Azərbaycanla əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün Bakıya səfər edəcək.

Bunu “Report”a Hindistanın Azərbaycandakı Səfirliyinin birinci katibi Vinay Kumar bildirib.

V.Kumar deyib ki, nümayəndə heyəti iyunun 1-dən 4-dək Azərbaycanda keçiriləcək Bakı Enerji Həftəsində iştirak edəcək: “Onlar Enerji Həftəsində iştirakla yanaşı Azərbaycan tərəfi ilə danışıqlar aparacaqlar”.

O, iki ölkə arasında biznes əlaqələrin inkişafı məsələsinə də toxunub: “Biz iqtisadiyyatın müxtəlif sahələrin nümayəndələri ilə görüşlər təşkil edirik. Bu gün isə ət və ət məhsulları, çay, meyvə-tərəvəz, bal, gülçülük sahəsində fəaliyyət göstərən Hindistan şirkətlərinin Azərbaycanda biznes görüşünü təşkil etdik. Bu, iki tərəfi birləşdirən bir təşəbbüsdür. Biz şirkətlər arasında ikitərəfli görüşlər təşkil edirik və bu görüşlərin müsbət nəticələrini gözləyirik”.

V.Kumarın sözlərinə görə, Hindistandan Azərbaycana düyü, ədviyyatlar ixrac edilir: “Hindistanın toxum üzrə istehsalçılarının da ölkəyə marağı var. Bununla yanaşı, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi Hindistan toxumuna marağını ifadə edib. Biz Kənd Təsərrüfatı və Emal olunmuş Ərzaq Məhsullarının İxracının İnkişafı Təşkilatından (APEAD) bu sahədə əməkdaşlıq imkanlarını araşdırmağı xahiş etmişik. Yerli bazarda imkanları araşdırıb, biz tərəfləri yenə əlaqələndirəcəyik”.

Səfirliyin nümayəndəsi bildirib ki, hazırda Azərbaycanın müxtəlif sahələrində yüzdən çox Hindistan şirkəti fəaliyyət göstərir.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda Hindistanın "ONGC Videsh Ltd" neft şirkəti 2,31 % payla iştirak edir.

Bu ilin yanvar-aprel aylarında Hindistan Azərbaycandan 406 min 773,55 ton xam neft idxal edib. Bu miqdarda məhsulun dəyəri 316 milyon 136,80 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun həcmi 2021-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2,08 dəfə, dəyəri isə 8,7 % azdır.

Son xəbərlər

Orphus sistemi