Heydər Əliyev adına yarımdalma qazma qurğusu Xəzərdə ən dərin quyunu qazıb

Heydər Əliyev adına yarımdalma qazma qurğusu Xəzərdə ən dərin quyunu qazıb “Caspian Drilling Company” MMC-nin idarəçiliyi altında olan Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda nail olub.
Energetika
18 Aprel , 2019 11:20
Heydər Əliyev adına yarımdalma qazma qurğusu Xəzərdə ən dərin quyunu qazıb

“Caspian Drilling Company” MMC-nin idarəçiliyi altında olan Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda nail olub.

“Report” xəbər verir ki, bu quyu “Abşeron” qaz-kondensat yatağında yerləşən “ABD-001” quyusudur.

Quyu aprelin 15-də saat 13:00-da 7 411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatıb. Bu, Xəzər dənizində indiyədək qazılmış ən dərin quyudur.

Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Qiymətləndirmələrə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron” yatağında qaz hasilatının 2020-ci ilin III rübündə başlanılması planlaşdırılır.Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulur. "Abşeron" yatağından 2022-2023-cu illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir.

Yatağın operatoru “SOCAR Absheron” və “Total E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsidir.

Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusu “Caspian Drilling Company” MMC-nin rəhbərliyi altında 2017-ci ildə Xəzər tərsanəsində tikilib, sınaqdan keçirilib. Hazırki quyu qurğunun qazdığı ilk quyudur.

Son xəbərlər

Orphus sistemi