Heydər Əliyev adına NEZ-in yenidənqurma layihəsi çərçivəsində növbəti müqavilə imzalanıb

Heydər Əliyev adına NEZ-in yenidənqurma layihəsi çərçivəsində növbəti müqavilə imzalanıb Müqaviləni zavodun direktoru Elman İsmayılov və “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland imzalayıblar
Energetika
7 Mart , 2016 19:07
Heydər Əliyev adına NEZ-in yenidənqurma layihəsi çərçivəsində növbəti müqavilə imzalanıb

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zavod ilə “SOCAR-KBR” Birgə Müəssisəsi arasında Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) müqaviləsi imzalanıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkətin baş ofisində keçirilən imzalanma mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland, hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər.

R.Abdullayev Heydər Əliyev adına NEZ-də həyata keçiriləcək yenidənqurma işlərindən bəhs edib, mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşasının nəzərdə tutulduğunu və bunun da nəticəsində zavodda “Avro-5” standartlarına cavab verən daha keyfiyyətli neft məhsulları istehsal olunacağını bildirib.

R.Abdullayev qeyd edib ki, mərhələli olaraq 2019-2020-ci illərə qədər davam etdiriləcək yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq, podratçılara nəzarət və idarəetmədə böyük təcrübəyə malik “SOCAR-KBR” Birgə Müəssisəsi Layihənin İdarə Edilməsi üzrə podratçı (PMC) qismində işlərə cəlb olunub.

“KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti, “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland bildirib ki, müqavilə çərçivəsində “SOCAR-KBR” və SOCAR mütəxəssislərindən ibarət İnteqrasiya olunmuş İdarəetmə Komandası (IPMT) - “Birgə Layihə Qrupu”nun yaradılması nəzərdə tutulur. O, “SOCAR-KBR” Birgə Müəssisəsinin layihənin bütün mərhələlərinin icrasına nəzarət edəcəyini və həmin mərhələlərə cəlb olunan podratçıların idarə edilməsində SOCAR-a dəstək verəcəyini deyib.

Müqaviləni Heydər Əliyev adına neft emalı zavodunun direktoru Elman İsmayılov və “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland imzalayıblar.

Qeyd edək ki, baş ofisi ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir. Şirkət 1993-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQENKK) kimi irimiqyaslı layihələrdə xidmət göstərib. SOCAR və “KBR” şirkətləri tərəfindən yaradılmış “SOCAR-KBR” birgə müəssisəsi geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə), tikinti və idarəetmə xidmətləri üzrə ixtisaslaşıb.

Son xəbərlər

Orphus sistemi