​Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması ilə bağlı növbəti müqavilə imzalanıb

​Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması ilə bağlı növbəti müqavilə imzalanıb “Air Liquide” şirkəti layihə üzrə icra qrafikinə uyğun olaraq, Texnoloji Layihələndirmə Paketinin (PDP) hazırlanması işlərinə başlayacaq
Energetika
3 May , 2016 17:49
​Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması ilə bağlı növbəti müqavilə imzalanıb

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Zavod ilə “Air Liquede” şirkəti arasında lisenziya, mühəndislik və zəmanət müqavilələri imzalanıb. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş mərasimdə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, “Air Liquede” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domenico D'Elia, şirkətin rəhbər nümayəndələri Jörg Ott, Benjamin Bugeat, eləcə də NQENKK və “SOCAR KBR” şirkətinin nümayəndələri iştirak ediblər.

Müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Air Liquede” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domenico D'Elia imzalayıb. Mərasimdə NEZ-in yenidənqurulması layihəsindən ətraflı söz açılıb, imzalanan sənədin əhəmiyyəti vurğulanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində tələb olunan yüksək saflıqlı hidrogenin (həcmə görə minimum 99,9 %) təchizatının təmin edilməsi məqsədilə “Air Liquide” şirkəti zavodun ərazisində yeni hidrogen istehsalı qurğusunun inşasına cəlb ediləcək.

Sənədin imzalanması ilə hidrogen istehsalı üzrə ixtisaslaşmış “Air Liquide” şirkəti layihə üzrə icra qrafikinə uyğun olaraq, Texnoloji Layihələndirmə Paketinin (PDP) hazırlanması işlərinə başlayacaq.

Xatırladaq ki, baş ofisi Fransanın Paris şəhərində yerləşən “Air Liquide” şirkəti sənaye qazlarının istehsalı və tədarükü, sənaye qazlarının istehsalı obyektlərinin mühəndisliyi, təchizatı, tikintisi üzrə ixtisaslaşan və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarındandır.

Son xəbərlər

Orphus sistemi